Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Ağstafada ehtiramla qeyd olunub.
Ümumrayon tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatlarının rəhbərləri, rayon ərazisində yerləşən hərbi hissələrdən əsgər və zabitlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdükdən sonra əbədiyaşar liderin mənalı ömür yoluna həsr olunmuş foto şəkillərdən ibarət Muzeyin salonlarını ziyarət ediblər. Ümumrayon təbdirinin Mərkəzin böyük akt zalında təşkil olunmuş hissəsində öncə xalqımızın xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad edilib.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və milli dövlətçiliyin formalaşdırılması sahəsində misilsiz xidmətlərindən ətraflı danışıblar. Qeyd olunub ki, Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizlə ölkəmizin ərazi bütövlüyünü təmin etmiş oldu. Ulu Öndər bütün həyatını xalqına sədaqətlə xidmətə həsr edib. Öz fəaliyyətində həmişə xalqına arxalanan dahi rəhbərin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
Tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.