Məktəblərin açılmasına artıq sayılı günlər qalıb. Valideynlər övladlarının yeni tədris ilinə hazırlığı üçün çanta, dəftər, qələm, boya, pozan, yapışqan və digər məktəb ləvazimatlarını almağa başlayıblar. Mağaza və bazarlarda seçim imkanlarının çoxluğu isə bəzən valideynləri çətin vəziyyətdə qoyur. Çünki məhsulun rənginin, dizaynının və qiymətinin münasib olması onun keyfiyyətli və təhlükəsiz olduğu anlamına gəlmir.
Xüsusilə uşaqların gün ərzində uzun müddət istifadə etdiyi dəftər, qələm, karandaş, boya və digər ləvazimatların tərkibində sağlamlıq üçün təhlükəli maddələrin olub-olmaması ciddi əhəmiyyət daşıyır. Saxta və standartlara cavab verməyən məhsullar allergik reaksiyalara, dəri qıcıqlanmasına və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Digər tərəfdən, çanta və digər məktəb aksessuarlarının düzgün seçilməməsi uşaqların sağlamlığına, xüsusilə də onurğa və dayaq-hərəkət sisteminə mənfi təsir göstərə bilər.
Bəs valideynlər məktəb ləvazimatları alarkən hansı məqamlara diqqət etməlidirlər? Məhsulun təhlükəsizliyini necə müəyyənləşdirmək olar? Uşaqlar üçün hansı məktəb ləvazimatları daha çox risk yaradır və valideynlər saxta və keyfiyyətsiz məhsulları necə ayırd edə bilərlər?
“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov diqqət edilməli məqamlardan danışıb: “Bu il bazarda kifayət qədər bahalı çantalar var, hətta qiyməti 200 manatadək olan çantalara da rast gəlinir. Çanta alarkən ilk növbədə onun uşağın ehtiyac duyduğu məktəb ləvazimatlarını yerləşdirmək üçün uyğun olub-olmadığına diqqət yetirmək lazımdır. Eyni zamanda, çantanı qoxulamaq da vacibdir. Əgər çantadan kəskin və xoşagəlməz qoxu gəlirsə, belə məhsulu almaqdan çəkinmək lazımdır. Bundan əlavə, ağ dəsmalı isladıb çantanın üzərinə sürtməklə onun rəng verib-vermədiyini yoxlamaq olar. Əgər dəsmala rəng çıxırsa, həmin çantanı almaq məsləhət deyil”.
Eyyub Hüseynov vurğulayıb ki, bütün hallarda məktəb ləvazimatları alarkən ödəniş etdikdən sonra kassa çekini mütləq tələb etmək və saxlamaq lazımdır: “Çünki sonradan hər hansı problemlə qarşılaşdıqda alış-verişi təsdiq edən sənədin olması vacibdir. Hər il bazarda saxta, yəni kserokopiya üsulu ilə hazırlanmış kitab və dəftərlərə də rast gəlinir. Belə məhsulların əsas problemlərindən biri odur ki, kserokopiya zamanı bəzi səhifələr keyfiyyətsiz çap olunur, hətta tamamilə ağ qala və ya mətnin müəyyən hissələri görünməyə bilər. Ona görə də kitab və dəftər alarkən onları vərəqləmək, bütün səhifələrin çap keyfiyyətini yoxlamaq lazımdır”.
Eyyub Hüseynovun sözlərinə görə, digər mühüm məqam isə çap keyfiyyətidir: “Bəzi keyfiyyətsiz kserokopiya məhsullarında mürəkkəb və ya çap materialı əllə təmas zamanı silinə, rəng verə bilər. Belə məhsullardan istifadə uşaqlar üçün arzuolunmazdır. Buna görə kitabın və ya dəftərin üzərindəki yazılara əllə toxunaraq yoxlamaq olar. Əgər mürəkkəb və ya rəng əlinizə çıxırsa, həmin məhsulu almaqdan çəkinmək lazımdır. İstehlakçının hüququ var ki, aldığı məhsulun müvafiq sənədlərini, o cümlədən onun standartlara uyğunluğunu təsdiq edən sənədləri tələb etsin. Lakin Azərbaycanda satılan malların böyük hissəsində, təəssüf ki, bu cür sənədlərin olmadığını görürük. İstehlakçılar həmçinin bilməlidirlər ki, məktəb ləvazimatları, paradoksal olsa da, kitablar da Nazirlər Kabinetinin 114 saylı qərarı ilə dəyişdirilməsi və qaytarılması mümkün olmayan mallar siyahısına daxil edilib. Buna görə də alış zamanı məhsulun keyfiyyətinə və uyğunluğuna əvvəlcədən diqqət yetirmək xüsusilə vacibdir”.
Eyyub Hüseynov istehlakçılara müraciət edərək, qənaət və səmərəli istifadə məsələsinə də diqqət yetirilməsini vurğulayıb: “Əgər bir ailədə bir neçə uşaq məktəbə gedirsə, çalışsınlar ki, bu il istifadə olunan çanta və digər məktəb ləvazimatları gələn il digər övlad üçün də yararlı olsun. Əşyaları səliqəli və təmiz saxlamaq çox yaxşı ənənədir. Bu, həm ailə büdcəsinə qənaət etməyə, həm də uşaqlar arasında paylaşma və mehribanlıq münasibətlərinin formalaşmasına kömək edir. Bu ənənə nə qədər çox ailədə davam etdirilsə, bir o qədər yaxşı olar. Əgər istehlakçılar məktəb ləvazimatları alarkən hər hansı problemlə qarşılaşarlarsa, Prezident yanında Antiinhisar və Bazara Nəzarət qurumuna müraciət edə bilərlər. Qurumun əlaqə nömrəsi: 012 599 76 00”.Musavat.com


























