image-reklam-veteninfo
image-1backend

Üsküdar Universitetinin rektoru Azərbaycandan yazdı: “Çətini bacardılar, sülhə imza atdılar”  

image-reklam-veteninfo

Üsküdar Universitetinin rektoru, professor Nazife Güngör Azərbaycanın əldə etdiyi uğurlu siyasətdən yazıb.
Dünya sülhə həsrət qalmışdı. Hər yerdə münaqişə, hər yerdə müharibə hökm sürürdü. Artıq sülh mümkün deyil deyə düşünürdük. Amma oldu. Demək ki, istənilərsə mümkündür. Müharibədən daha asan, daha isti və əlbəttə ki, insana, insan olana daha çox yaraşan bir haldır bu.

Azərbaycan və Ermənistanı təbrik edirəm. Arxa planda hansısa razılaşmalar və şərtlər olsa da, onlar sülhə imza atdılar. Bir anlıq vasitəçinin kim olduğunu bir kənara qoyaq. Qırx ildir müharibə şəraitində olan iki ölkənin liderləri bütün yaşanmışları arxada buraxaraq bir araya gəldilər və sülh üçün imza atdılar. Ola bilsin ki, uzun fasilədən sonra insanlıq, ölkələr və xalqları adına bir ilki bacardılar.

İki ölkə arasında müharibəyə son verilsə də, bölgə insanı yenə də narahat idi. Son üç ildə Azərbaycana tez-tez etdiyim səfərlərdən bunu müşahidə edə bilirəm. Gənclər gələcəklə bağlı narahatdır. Müharibə ehtimalı insanlarda gərginlik yaradırdı. Halbuki bölgə təbii qaz, neft və müxtəlif faydalı qazıntılar baxımından iqtisadi inkişaf üçün böyük potensiala malikdir. Ölkənin münbit torpaqları kənd təsərrüfatı və heyvandarlıq üçün çox əlverişlidir. Eyni zamanda, qədim tarixdən gələn zəngin bir mədəni irsə sahibdir.

Ermənistana getmək imkanım olmayıb, lakin Azərbaycanla qurduğumuz akademik münasibətlər və əməkdaşlıq sayəsində ölkə xalqını daha yaxından tanımaq imkanım olub. Azərbaycana ilk səfərimi 2007-ci ildə etmişdim. İkinci dəfə 2023-cü ildə səfər etdiyim zaman isə ölkənin inkişaf istiqamətində göstərdiyi dinamika məni çox təəccübləndirdi və sevindirdi. Ölkə öz resurslarını demək olar ki, tamamilə öz nəzarətinə almış, böyükmiqyaslı yatırımlarla iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə inkişaf etmişdi. Bu torpaqlarda sənətə və mədəniyyətə nə qədər əhəmiyyət verildiyini bilirdim, lakin təhsilə verilən önəm və dəstək məni daha çox həyəcanlandırdı. Ailələr öz imkanlarının böyük bir hissəsini övladlarının təhsilinə sərf edirlər. Azərbaycan xalqı bu baxımdan çox şüurludur. Onlar yaxşı bilirlər ki, inkişaf və tərəqqi yalnız təhsillə mümkündür. Gənclər dünyanın aparıcı universitetlərində təhsil almağı hədəfləyirlər. Xarici dillərə maraq böyükdür. Rəqəmsal texnologiyalara, proqramlaşdırmaya, süni intellektə yönəli maraq da çox yayılıb. Görünən odur ki, Azərbaycan xalqı gələcək yolunu təhsil üzərində qurur. Bu baxımdan da olduqca uzaqgörən bir toplumdur. Sovet hakimiyyəti dövründə əldə etdikləri elmi, mədəni və bədii mirası inkar etmirlər, lakin öz kimlikləri ilə, öz dəyərləri və öz xarakterləri ilə inkişafda gecikdiklərinin də fərqindədirlər. Bu səbəbdən bu boşluğu tez bir zamanda doldurmağa çalışırlar. Qətiyyətlidirlər, ölkələrini sevirlər. Danışdığım, tanıdığım heç bir gəncin xaricə köçmək arzusu yoxdur. Xaricdə yaxşı təhsil alıb öz ölkələrinə dönmək və vətənlərinin inkişafına töhfə vermək istəyirlər. Bu da məni çox təsirləndirir və duyğulandırır. Təkcə bu səbəbdən belə, özümü onlara çox yaxın hiss edirəm. Öz ölkəmdən bir təhsilçi, akademik olaraq onlara əlimdən gələn hər cür dəstəyi verməyə qərarlıyam.

Bundan sonra hər şeyin daha gözəl olacağını düşünürəm. Bakı ilə Naxçıvanın avtomobil yolu ilə birləşdiriləcək olması, Türkiyədən Naxçıvana avtomobil yolu ilə keçmək imkanının yaranması məni həqiqətən həyəcanlandırır. Azərbaycan–Ermənistan sülhünün Türkiyənin regionla əlaqələrini daha da gücləndirəcəyini düşünürəm. Bu, Azərbaycanlı qardaşlarımızla akademik və elmi əməkdaşlığımızın da güclənməsi üçün yeni imkanlar yaradacaq.

Dünyanın bu qədər münaqişəli olduğu bir dövrdə heç bir sülh prosesi problemsiz keçməz əlbəttə. Bu prosesdə də bir sıra əhəmiyyətli çətinliklər yaşanacaq. ABŞ-ın sülh prosesinə vasitəçilik etməsi, ilk növbədə, Rusiyanın xoşuna gəlməyəcək. Digər tərəfdən, İranla Azərbaycan arasında uzun müddətdir davam edən səssiz gərginlik bəlkə də daha da artacaq. Qlobal münasibətlərin formalaşmasında nə ABŞ, nə də Rusiya tam günahsızdır. Bunu qəbul etmək lazımdır. Ancaq bölgədəki sülh prosesində aktiv rol alması ABŞ-ı bölgədə daha güclü bir mövqeyə gətirəcək. Onsuz da bu prosesi Ukrayna ilə başlatdığı münasibətlərlə göstərməyə başlamışdı. Bu baxımdan, ABŞ bölgənin parlayan ulduzu kimi görünür. Bunun müsbət tərəfləri olduğu kimi, mənfi nəticələri də ola bilər. Bunları indidən proqnozlaşdırmaq asan deyil. Lakin görünən odur ki, bölgədə qüvvələr nisbəti dəyişir. Amma məsələnin bu tərəfini analiz etmək hələ tezdir və ya heç olmasa indi bunu bir kənara qoyaq. Bizim üçün bu an üçün ən önəmli məsələ Azərbaycan və Ermənistan dövlət başçılarının sülhə imza ataraq tarixi bir uğura imza atmalarıdır. Böyük acılar yaşandı, böyük itkilər verildi. Amma hər iki ölkənin lideri öz xalqlarının gələcəyi naminə bütün bunları bir kənara qoyaraq bir araya gəlməyi və sülh üçün imza atmağı bacardılar. Hər iki xalq rahat nəfəs aldı. İndi isə inkişaf dövrüdür.

İnanıram ki, bundan sonra Azərbaycan bütün gücünü və resurslarını ölkənin inkişafına yönəldəcək. Azərbaycanın inkişafı, tərəqqisi və böyüməsi bizim ölkəmiz üçün də çox önəmlidir. Hər iki xalqın həmrəyliyi və bir-birinə dəstək olaraq irəliləməsi bölgənin rifahı üçün olduqca zəruridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki