XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməni əhalisi köçürülüb.
Bildirilir ki, 1828-ci il fevralın 10-da Rusiya və İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlandı.
Türkmənçay müqaviləsinin 15-ci maddəsində belə bir qeyd vardır ki, İranda yaşayan ermənilər bu müqavilədən keçən bir il ərzində Arazdan şimala köçərək istədikləri yerdə məskunlaşa bilərlər. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürülüb. Türkiyədən ermənilərin Zaqafqaziyaya köçürülməsi Rus-Türk müharibəsi qurtardıqdan sonra Ədirnə sülh müqaviləsinə əsasən baş verib.
Həmçinin ermənilərin özləri tərəfindən də dəfələrlə etiraf edilib. Belə ki, ermənilər Qarabağa gəlmələri münasibətilə “Marağa – 150” abidəsini ucaldıblar. Azərbaycanın Tərtər rayonunun Şıxarx qəsəbəsindəki “Marağa – 150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından ilk 200 ailənin Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. Adi çay daşlarından inşa olunan abidənin üzərində erməni dilində “Marağa 150” yazısı öz əksini tapıb. Bu abidə 1991-ci ildə ermənilərin özləri tərəfindən dağıdılıb. “Marağa 150” abidəsi erməni miqrantlarının Qarabağa gəlməsinin başlanğıcını göstərirdi.
Ermənilər 1978-ci ildə “Marağa – 150” abidəsinin açılışı münasibətilə təntənəli bayram mərasimi keçiriblər. Sözügedən abidə adi qırma çay daşlarından, təxminən 30 kvadratmetr sahəni əhatə edən ərazidə rəngli mozaikadan, “Qızlar bulaq başında” kompozisiyasından ibarət olub.
2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində “Marağa–150” abidəsinə baxıb və həmin abidənin şəkillərini çəkib”.
Ermənilərin “Marağa – 150” abidəsinin qalıqları hazırda Tərtər şəhərinin bir neçə kilometrliyində yerləşən Şıxarx qəsəbəsindədir: “Bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq onun ətrafında təmir-abadlıq işləri aparılıb. Həmçinin, “Marağa – 150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar toplanaraq , Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub”