Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılılğı ilə görkəmli oftalmoloq, Azərbaycanın Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı barədə hazırlanmış video çarx nümayiş etdiriliib.
Mərasimdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirib ki, tarixdə elə şəxsiyyətlər var ki, onların ömür yolu və fəaliyyəti həm də xalqlarının, dövlətlərinin tarixinə həkk olunur. Onların irsi dərindən tədqiq olunur, gələcək nəsillərə öyrədilir və daim nəticə çıxardılır.
Tarixə adını, izini, xidmətlərini həkk etdirmiş belə şəxsiyyətlər mənsub olduqları xalqın qüruru, iftixarı olur və bütün tarixi mərhələlərdə öz millətləri üçün mükəmməl nümunəyə çevrilirlər. Bu gün işığına, nuruna toplaşdığımız qüdrətli insanın – görkəmli alim Zərifə xanım Əliyevanın da şərəfli adı, misilsiz fəaliyyəti tariximizin şanlı səhifələrini təşkil edir. Dünya oftalmologiya elminin parlaq simalarından olan Azərbaycan alimi, tibb elmləri doktoru, akademik, şəfalı əlləri ilə minlərlə xəstənin gözlərindəki zülməti işığa çevirən təbib! Azərbaycanda uğurlu qadın obrazını formalaşdıran, qadın hərəkatının ən sanballı təmsilçilərindən olan ictimai xadim, xalqımızın hər zaman rəğbətlə xatırladığı böyük dövlət xadiminin – Əziz Əliyevin övladı, dünyanın ən böyük azərbaycanlısı sayılan Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, çiyindaşı, uğurlarının mənəvi istinadgahı! İki əsrlik münaqişəni və 30 illik savaşı Zəfərlə bitirən, dünya miqyaslı siyasi lider olan, tarixin ən qüdrətli Azərbaycanını yaradan Müzəffər Komandanı yetişdirmiş fədakar, qayğıkeş ana! Bu adların hər birini ayrılıqda daşımaq belə əlbəttə ki, həmin insana böyük şöhrət və şərəf gətirər. İndi təsəvvür edin ki, bütün bu dəyərlər bir insanın timsalında birləşir. Deməli, Zərifə xanım tək Azərbaycan miqyasında deyil, elə dünya miqyasında da möhtəşəmliyi, bənzərsizliyi ilə fərqlənir, ön sıraya çıxır.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər Xəstəxanasının direktoru Fazil İsmayılov, həkim-oftolmoloq Güləndam İsgəndərli və başqaları Zərifə xanım Əliyevanın mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri ilə yanaşı ictimai-siyasi fəaliyyətindən də danışıblar. Qeyd edilib ki, Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaq. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanımın traxoma xəstəliyinin müalicəsi sahəsində təklif etdiyi müalicə metodları bütün respublikada tətbiq edilərək ölkəmiz bu xəstəlikdən xilas olur. Bununla da Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.
Sonda Yevlax Mədəniyyət Mərkəzinin əməkdaşları Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş şer və musiqi nömrələri ifa ediblər.