Zəngəzur dəhlizi – artıq bu dəhliz reallıqdır.
Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq.
Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər.
Ulu öndər Heydər Əliyev demişdir: “Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var”. İndi bu abidələr, demək olar ki, tamamilə bərbad vəziyyətə düşmüşdür.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilana səfəri bütövlükdə rayondakı abidələrin bərpasına böyük ümidlər yaratdı.
Prezidentimiz Zəngilanda olarkən çıxışında demişdir: “Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb… Zəngilan cənnət kimi bir yerdir. Oranı cənnət edəcəyik”.
Dövlət başçımızın böyük diqqət və qayğısı sayəsində Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası işinə start verilmişdir.
Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf – əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır.
Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu mən qeyd etmək istərdim.
Azərbaycan və İran hökumətləri arasında bu yaxınlarda əldə edilmiş razılaşmalara əsasən, Zəngilanda Araz çayı üzərində iki ölkəni birləşdirən yeni dəmiryolu və avtomobil körpüləri tikiləcək və beləliklə, Naxçıvanla Azərbaycanın digər əraziləri İran vasitəsilə birləşəcək. Təbii ki, bu Zəngəzur dəhlizinə paralel olmaqla Naxçıvanla əlaqələrimiz üçün əlavə imkanlar təmin edəcək, eləcə də beynəlxalq tranzit potensialımızı artıracaq.
İşğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı.
Biz isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkirik. Eyni zamanda, mövcud yol, yəni, sovet vaxtından qalan yol, hansı ki, indi biz ondan istifadə edirik, o da əsaslı şəkildə təmir olunacaq. Yəni, yeni çəkilən yol tam yeni və daha əlverişli marşrutla keçir və yolboyunca yol infrastrukturu həm məsafə baxımından daha əlverişli olacaq, həm də əlbəttə, vətəndaşlar bu yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaqdır.
Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.
Cənab Prezident İlham Əliyev demişdir ki:”Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq”
Humay Muradova
Nəsimi rayon sakini