image-361617_res_00backend

Dəhşətli divantutma: killer Anar Məmmədovu azyaşlı uşağın yanında belə güllələdi

image-reklam_sirab_01

Ukrayna hüquq-mühafizə orqanları Dnepr şəhərində aprelin 24-də baş vermiş dəhşətli qətlin motivlərini araşdırmağa çalışır. Veteninfo.az  xəbər verir ki, həmin gün səhər saatlarında şəhərin Kilsə meydanında Azərbaycan vətəndaşı Anar Məmmədov güllələnib. O, “Artist” restoranının qarşısında özünün “Toyota Land Cruiser” markalı cipinə oturub hərəkətə təzəcə başlayan kimi killer avtomobilə yaxınlaşıb və atəş açıb. Bu vaxt avtomobildə azyaşlı uşaq da olub.

 

Anar Məmmədov avtomobildən düşərək yaralı halda yaxınlıqdakı tramvay relslərinə tərəf qaçıb. Lakin killer onu təqib edib və daha bir neçə atəş açıb, A.Məmmədov relslərin üstünə yıxılıb. Killer ona yaxınlaşıb və yaxın məsafədən kontrol atəşləri açıb. Aldığı yaralardan A.Məmmədov yerindəcə keçinib, onun sürücüsüz qalmış avtomobili içərisindəki azyaşlı uşaqla təxminən 20 metr gedib, başqa avtomobilə dəyib və dayanıb. Killer isə hadisə yerindən qaçıb.

 

Hüquq-mühafizə orqanları killerin şəxsiyyətini müəyyən edə biliblər. Məlum olub ki, o, 1993-cü ildə anadan olmuş Yusif adlı Azərbaycan vətəndaşıdır. Polis A.Məmmədovu öldürən killerin videomüşahidə kameralarından götürülmüş fotosunu yayıb. Hazırda axtarılır. Polis cinayətin ilkin istintaqı çərçivəsində Zaporojye vilayətində 3 Azərbaycan vətəndaşını saxlayıb. Onlar 1978-1989-cu il təvəllüdlü Babayev, Səlimov və Məmmədov familiyalı şəxslərdir. Saxlanılanlardan silah və sursat götürülüb.

 

Əvvəlcə öldürülənin Krivoy Roqdan olan məşhur qanqster, “Mamedovskiye” mütəşəkkil cinayətkar qruplaşmasının lideri Anar Məmmədov olduğu haqda xəbərlər yayılıb. Bu qruplaşma bütün vilayətə narkotik maddələrin topdansatışını həyata keçirir. Lakin daha sonra məlum olub ki, öldürülən şəxs, 42 yaşlı Məmmədov Anar Xudakərim oğlu həmin banda liderinin adaşıdır. Amma onların doğum tarixi fərqlidir. Öldürülən Məmmədov barədə açıq mənbələrdə informasiya çox azdır, onun adı təkcə bir dəfə 2018-ci ildə alimenti ödəməməyə və valideyinlik hüququndan məhrum etməyə görə barəsində məhkəmə işi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki