Cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edən Prezident İlham Əliyev hesabat dövrü ərzində ölkəmizin uğurla inkişaf etdiyini, bütün istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələrin icra olunduğunu qeyd edərək, daxili və xarici siyasətdə əldə olunmuş naliyyətlərdən danışdı.
Vətən Müharibəsindən keçən müddət ərzində Azərbaycan – Ermənistan arasındakı münasibətlərə nəzər salan ölkə başçısı bidirdi ki, bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Daha sonra Prezident delimitasiya üzrə işçi qruplarının birinci görüşü keçirildiyini və bunu müsbət addım kimi qiymətləndirildiyini, bunun da ölkəmizin təşəbbüsü ilə baş verdiyini söyləyərək Azərbaycanın sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışdığını, Ermənistan tərəfinin isə buna o qədər də maraqlı olmadığını söylədi.
Müşavirədə ordu quruculuğu prosesindən danışan Ali Baş Komandan altı ay ərzində hərbi sahədə islahatlar aparıldığını, struktur islahatları, hərbi təhsil islahatlar aparıldığını qeyd edərək, təlimlərlə bağlı ciddi addımlar atıldığını, yeni silahlı birləşmələr yaradıldığını, yeni kontraktlar imzalandığını, hərbi texnika, silah-sursatlar alındığını və alınacağını diqqətə çatdırdı. Cari il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə yönəldilib. Artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək.
Bu gün hərbçilərin sosial müdafiəsi məsələləri Azərbaycanda yüksək səviyyədə təmin edilir. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən, azad edilmiş torpaqlarda böyük işlər görülüb – hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur yaradılıb.
Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş hərbçilər ən müasir, dördüncü nəsil protezlərlə təmin olunurlar. Bu protezlərlə insan rahat yaşaya, gəzə, qaça, hətta futbol oynaya bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və buna görə də biz bunu edirik və edəcəyik. “Azərbaycan dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır” deyən Ali Baş Komandan müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildiyini Bakı şəhərində bu məsələ artıq tam həll olunacağını, keçən il 3 min mənzil və fərdi ev verildiyini, bu il isə 1500 mənzil və ev veriləcəyini diqqətə çatdırdı.
Könül Əfəndiyeva – YAP üzvü