image-img-20210715-wa0033backend

60 ildir dünyada sülhün təminatçısına çevrilən Qoşulmama Hərəkatı!

image-reklam_sirab_01

Artıq 60 ildir ki, Qoşulmama Hərəkatı dünyada sülhün bərqərar olmasına xidmət edən qurumlar sırasında ilk sıralardadır. Məhz buna görə də qurumun fəaliyyətinin təkmilləşdirilməsi və arası kəsilməyən mövcudluğunu təmin etmək və qorumaq mütləqdir. Sülhün tərəfdarı olan üzv ölkələrin əsas məqsədi də digər ölkələrlə bərabər bu ümdə məqsədə nail olmaqdır. Azərbaycanın sədrliyi dövründə bu məqsədə daha da yaxınlaşılmış, bu yolda mühüm addımlar atılmışdır.
13 iyul 2021-ci ildə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin aralıq konfransı keçirilmiş, bir çox mühüm mətləblərə aydınlıq gətirilmiş, mühüm bəyanatlar verilmişdir. Görüşdə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışında bunu bir daha vurğuladı: “Bakı Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq. Məmnunluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir”
Başçımız 2020-ci ildə qazanılmış parlaq zəfəri də xatırladaraq, Azərbaycanın haqq işində dəstək verən qurumun fəaliyyətin ədalətli qurulduğunu bir daha isbatladığını bildirdi: “2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib. Bildiyiniz kimi, 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edib. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayıb. Beləliklə, Ermənistanın yeganə məqsədi status-kvonun saxlanılmasından və işğalın möhkəmləndirilməsindən ibarət olub.”
Qarabağ fatehi 44 günlük müharibənin nəticəsində qazanılmış qələbəni beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsi adlandıraraq Azərbaycanın 30 illik münaqişəyə son qoyduğunu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini, ən əsası isə Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşduğunu fəxrlə bildirdi.
Azərbaycan bütün sahələrdə olduğu kimi qurumun fəaliyyətində də böyük uğurlara imza atmış, həvalə edilmiş məsuliyyətli işin öhdəsindən uğurla gəlməyi bacarmışdır. Məhz buna görə də siyasi arenada inam qazanmış, etibar edilən tərəfdaş ölkəyə çevrilmişdir.
Azərbaycanın bu uğurlarının arxasında güclü siyasi zəka, siyasi düha dayanır. Bu düha möhtərəm prezidentimiz cənab İlham Əliyevdir. Məhz digər ölkə və qurum başçılarının xalqımız kimi liderimizə olan inamı Azərbaycanın günü-gündən daha da yüksəlməsinə səbəb olur. Məhz buna görə də tam əminliklə deyə bilərik ki, Azərbaycanın inkişafı daimidir, çünki bünövrəsi möhkəm və sarsılmazdır.

Şəmilova Dünya Mərdan
Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki