ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və Ukraynaya əlavə yardım ayrılması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasını təsdiqləyib. Vətəninfo.az xəbər verir ki, bu barədə The New York Times nəşri məlumat yayıb.
Məlumata görə, Respublikaçılar Partiyası rəhbərliyinin etirazlarına baxmayaraq, bir qrup respublikaçı demokratlara qoşularaq Moskvaya təzyiqin artırılmasına səs verib. Səsvermə 218 lehinə, 204 əleyhinə nəticələnib ki, bu da məsələ üzrə ikipartiyalı dəstəyin mövcud olduğunu göstərir.
Bununla belə, qanun layihəsinin qəbul olunması hələ də çətin görünür. Sənədin Senatda fikir ayrılıqları ilə üzləşəcəyi, həmçinin Ağ Evin etirazları səbəbindən yekun təsdiq mərhələsində problemlər yarana biləcəyi bildirilir. ABŞ Prezidenti Donald Tramp daha əvvəl Konqresin bu cür addımlarla Moskva ilə aparılan danışıqlarda onun səlahiyyətlərini məhdudlaşdırmasını istəmədiyini bildirib və qanun layihəsinə veto qoya biləcəyini istisna etməyib.
Qanun layihəsinin əsas hissəsini Rusiyanın neft-qaz sektoruna yönəlmiş geniş sanksiyalar paketi təşkil edir. Məqsəd Rusiyanın müharibə dövründə əsas gəlir mənbəyi olan enerji ixracına ciddi zərbə vurmaqdır.
Qanunvericilər qeyd edirlər ki, ABŞ və müttəfiqlərinin indiyədək tətbiq etdiyi sanksiyalar Rusiyanın enerji gəlirlərini tam şəkildə dayandıra bilməyib və Moskva hərbi əməliyyatları maliyyələşdirməyə davam edir.
Yeni təşəbbüs çərçivəsində sanksiyaların əhatə dairəsi genişləndirilərək maliyyə institutlarının sanksiya altında olan Rusiya rəsmiləri və dövlət qurumları ilə əməkdaşlığı daha da məhdudlaşdırılacaq. Eyni zamanda, Rusiyaya mövcud məhdudiyyətlərdən yayınmağa kömək edən şirkətlərə, banklara və digər qurumlara qarşı da tədbirlərin gücləndirilməsi nəzərdə tutulur.
Sənəd həmçinin Çin, Orta Asiya və digər regionlarda fəaliyyət göstərən, Rusiyanın sanksiyalardan yan keçməsinə yardım edən strukturları da hədəfə alır.
Qanun layihəsində Ukraynaya hərbi dəstək də yer alır. Belə ki, sənəd Ukraynanın müdafiə ehtiyacları üçün təxminən 1,8 milyard dollar birbaşa vəsait və 8 milyard dollardan çox kredit ayrılmasını nəzərdə tutur.
Qeyd edək ki, bu təşəbbüs ABŞ Konqresində son həftələrdə administrasiya ilə fikir ayrılıqlarının artdığı bir dövrə təsadüf edir.


























