CNN-in məlumatına görə, ABŞ vizası üçün müraciət edənlər indi öz ölkələrində təqiblərlə üzləşmədiklərini sübut etməli olacaqlar, çünki Prezident Donald Tramp administrasiyası potensial sığınacaq axtaranların ölkəyə girişini daha da məhdudlaşdırmağa çalışır.
Bütün səfirliklərə və konsulluqlara göndərilən diplomatik teleqramda göstərilən yeni qayda immiqrasiya siyasətində köklü dəyişikliklər fonunda qüvvəyə minir.
Administrasiya artıq tələbə vizası üçün müraciət edənlərin yoxlanılmasını sərtləşdirib və immiqrasiya müraciətləri ilə bağlı qərarların qəbulunu müvəqqəti olaraq dayandırıb ki, onlar yeni təhlükəsizlik yoxlaması qaydalarına cavab versinlər.
Bu qayda turistlər, tələbələr və müvəqqəti işçilər də daxil olmaqla, bütün qeyri-immiqrant vizası üçün müraciət edənlərə şamil edilir. Xatırladaq ki, yanvar ayında ABŞ 75 ölkə üçün immiqrant vizalarının emalını dayandırmışdı.
CNN-in əldə etdiyi memorandumda deyilir: “Konsulluq işçiləri, ABŞ-a gəldikdən sonra sığınacaq almaq niyyəti ilə qeyri-immiqrant vizası almağa cəhd edənlər də daxil olmaqla, səyahətlərinin məqsədini təhrif edən ərizəçilər tərəfindən immiqrasiya sistemindən sui-istifadənin qarşısını almalıdırlar”.
Dövlət Departamentinin təlimatlarına əsasən, konsulluq əməkdaşları müraciət edənlərə iki konkret sual verməli olurlar: “Vətəndaşlıq etdiyiniz ölkədə və ya sonuncu daimi yaşayış yerinizdə zərər və ya pis rəftara məruz qalmısınızmı?” və “Vətəndaşlıq etdiyiniz ölkəyə və ya daimi yaşayış yerinizə qayıtdıqdan sonra zərər və ya pis rəftara məruz qalacağınızdan qorxursunuzmu?”
Memorandumda deyilir ki, “Konsulluq əməkdaşının viza verilməsi prosesini davam etdirməsi üçün müraciət edən şəxs hər iki suala şifahi olaraq “xeyr” cavabını verməlidir”.
Dövlət Departamentinin sözçüsü qeyd etdi ki, konsulluq əməkdaşları “ABŞ milli təhlükəsizliyinin birinci müdafiə xəttidir” və hər bir ərizəçinin ABŞ qanunvericiliyinin tələblərinə cavab verib-vermədiyini müəyyən etmək üçün bütün mövcud vasitələrdən istifadə edirlər.
Xatırladaq ki, sığınacaq almaq üçün şəxs fiziki olaraq ABŞ-da olmalı və öz ölkəsində siyasi, irqi və ya dini təqiblərdən qaçmalıdır.


























