Ağalı kəndi 30 ilə yaxın həsrət içində yaşayan insanların qayıdışını gözləyir
2020-ci il sentyabrın 27-də növbəti erməni təxribatına cavab olaraq başlanan əks-hucum əməliyyatı möhtəşəm Zəfərlə başa çatdı. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı.
44 gün ərzində qazandığımız Zəfər Azərbaycan xalqının əzminin, iradəsinin, Müzəffər ordusunun və xalqın Ali Baş Komandanına inamının bariz nümunəsidir.
Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.
Azərbaycan xalqının tarixi əlamətdar günlərini yaşadan Prezident İlham Əliyevin bir il əvvəl səsləndirdiyi tarixi fikirləri “Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” sözləri, bu gün işğaldan azad olmuş Zəngilan şəhərində görülən işlər hər bir azərbaycanlıda qürur hissi yaradır. Oılə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Bununla əlaqədar 2021-ci il aprelin 19-da isə Azərbaycan Prezidenti “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalamışdır. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda texnoloji əsaslarla şəhərsalmanın həyata keçirilməsi istiqamətində geniş miqyaslı işlər görülür. Bu işlər çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinin ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və tikinti işləri davam etdirilir.
2022-ci il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kənd sakinləri ilə görüşündə bildirmişdir ki, düşmənimiz tərəfindən dağıdılan və yerlə bir edilən evlərin yerində müasir yaşayış evləri və ictimai obyektlər tikilmiş və kənd sakinlərinin tezliklə doğma yurdlarına köçə bilməsi üçün zəruri infrastruktur tamamilə yenidən qurulub və hazır vəziyyətə gətirilməsi haqqında söhbətlər aparmışdır.
Dövlət başçımız çıxışında qeyd etmişdir ki, “Dünən mən Zəngilan şəhərinin Baş planı ilə tanış oldum. Hesab edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət Baş planı təqdim etdi və mən dedim ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir”.
Bu gün burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən iki və üç mərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi,– “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək kimi xidmətlər yaradılıb. Artıq kənd 30 ilə yaxın həsrət içində yaşayan insanların qayıdışını gözləyir. Yaxın günlərdə də bu baş verəcəkdir.
Aynur Xəlilova – politoloq