Avropa İttifaqı Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avroluq yardım paketinin bir hissəsini yeni vergi islahatlarının həyata keçirilməsi ilə əlaqələndirir. Bu barədə Bloomberg məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda 8,4 milyard avroluq makromaliyyə yardım paketi üzrə müzakirələr aparılır. Aİ ölkələri artıq proqramın əsas şərtləri ilə bağlı ilkin razılıq əldə ediblər.
Yeni şərtə əsasən, Ukrayna hökuməti dəyəri 150 avroya qədər olan beynəlxalq bağlamalara 20 faiz əlavə dəyər vergisinin (ƏDV) tətbiqini nəzərdə tutan qanunu qəbul etməlidir. Mənbələrin bildirdiyinə görə, Kiyev bu islahatları həyata keçirdikdən sonra yardımın ilk tranşını iyun ayında, ikinci hissəsini sentyabrda, üçüncü tranşını isə ilin sonuna qədər ala bilər.
Bildirilir ki, bu tələb Beynəlxalq Valyuta Fondunun (BVF) Ukraynaya ayrılması nəzərdə tutulan əlavə 700 milyon dollarlıq maliyyə yardımının şərtləri ilə üst-üstə düşür. Avropa Komissiyası da maliyyə dəstəyi ilə bağlı bəzi tələbləri BVF-nin şərtləri ilə əlaqələndirir.
Lakin vergi dəyişiklikləri Ukraynada ciddi narazılıq yaradıb. Xüsusilə beynəlxalq bağlamalara əlavə verginin tətbiqi ictimaiyyət və sahibkarlar tərəfindən birmənalı qarşılanmır. Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak bildirib ki, hazırda qanun layihəsinin qəbul olunması üçün parlamentdə kifayət qədər səs yoxdur.
Ukrayna Maliyyə Nazirliyi isə Aİ ilə danışıqların davam etdiyini və yekun razılaşma üzərində iş aparıldığını açıqlayıb.
Ekspertlər qeyd edirlər ki, əlavə vergi gəlirləri əsasən hərbi xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulsa da, əhalinin vergi yükünün artırılması ilə bağlı təşəbbüslərə münasibəti mənfidir. Bununla yanaşı, bəzi islahatlar Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesinin də vacib tələblərindən hesab olunur.
Mənbələrin sözlərinə görə, BVF və Aİ daha bir həssas məsələ — ƏDV ödəyicisi olan sahibkarların dairəsinin genişləndirilməsi ilə bağlı islahatı bir il müddətinə təxirə salmağa razılaşıblar.
Qeyd edək ki, may ayının sonunda BVF Ukrayna üzrə yardım proqramına yenidən baxmağı planlaşdırır. Məlumata görə, Fond beynəlxalq bağlamaların vergiyə cəlb olunması ilə bağlı tələbi müəyyən müddətə təxirə sala bilər.
Xatırladaq ki, aprelin 23-də Avropa İttifaqı Şurası Ukraynaya ümumilikdə 90 milyard avro dəyərində iki illik kredit proqramının təsdiqlənməsi üçün son əsas qanunvericilik aktını qəbul etmişdi. Aİ-nin iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis də bildirib ki, Ukrayna növbəti maliyyə paketlərini əldə etmək üçün vergi islahatlarını həyata keçirməlidir.


























