Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən Vətəninfo.az-a bildirilib ki, avqustun 15-i saat 14:00-a olan məlumata görə 53 min 434 ərizə təsdiqlənib.
Qeyd edək ki, ixtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını Mərkəzin müvafiq internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.
Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
İxtisas seçimi avqustun 19-dək davam edəcək.