31 may 2022-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Unniversiteti, Nəsimi rayon Gənclər və İdman İdarəsi və ATU-nin “Təbib” İdman Klubunun birgə təşkilatçlılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Zəfər festivalı” adlı idman yarışlarının təltif olunma mərasimi keçirildi.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, “Gənclik” Tələbə İdman Cəmiyyətinin sədri Tofiq Xanəliyev, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, ATU-nin “Təbib” idman klubunun sədri Qələndər Aslanov və digər şəxslər iştirak ediblər.
Əvvəlcə qonaqlar Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində yerləşən Şəhidlərin banerinin önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini yad etdilər. Daha sonra kompleksin həyətində musiqi sədaları altında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlara baxış keçirildi. Nümunəvi çıxışlardan sonra tədbir açıq elan edildi. Dövlət himni səsləndirildi.
Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli İlk öncə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Zəfər Festivalı” adlı idman yarışlarında iştirakçıları salamlayaraq Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində görməkdən məmnun olduğu bildirdi.
Qeyd etdi ki, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə bizə sevinc bəxş etdi.
Məlumdur ki, ölkəmizdə gənclər və idman sahəsinə ayrılan böyük diqqət, dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Yarışlarda qalib gələn bütün tələbələri və mənsub olduqları universitetin əməkdaşlarını təbrik edərək, uğurlarının davamlı olmağını arzu etdi.
Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etdi ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Son illər idmançılarımızın istər kütləvi, istərsə də fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir.
Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilibdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynayır.
Çıxışlardan sonra tələbələrin ifasında musiqi nömrələri nümayiş etdirildi.
Mayın 28-dən 30-dək keçirilən idman yarışlarında 10 ali təhsil müəssisəsinin komandaları iştirak ediblər. İdmançılar stolüstü tennis, badminton, şahmat, futzal, stritbol, voleybol (oğlanlar), voleybol (qızlar) idman növləri üzrə öz güclərini sınayıblar.
Şahmat, badminton, stolüstü tennis, və voleybol (oğlanlar) idman növləri üzrə Azərbaycan Tibb Universitetinin komandaları, stritbol və voleybol (qızlar) idman növlərində Azərbaycan Dillər Universitetinin komandaları, futzal idman növündə isə Bakı Dövlət Universitetinin komandası I yerin sahibi olublar.
Qaliblər kubok, diplom və medallarla təltif olundular. Tədbirin təşkilində göstərdiyi dəstəyə görə bir qrup könüllü gəncə isə təşəkkürnamələr verildi.