Fevralın 25-də AMEA-nın Əsas binasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Xocalı soyqırımı və suverenliyimizin bu günü” mövzusunda tədbir keçirilib.
AMEA Rəyasət Heyəti, AMEA Azad Həmkarlar İttifaqı, YAP Yasamal rayon Təşkilatı, Mərkəzi Elmi Kitabxana, Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurası və Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə AMEA-nın əməkdaşları ilə yanaşı, YAP Yasamal Rayon Təşkilatının və Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu söyləyib, hadisənin səbəbi və nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. O, Xocalı faciəsinin hər il ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən xalqımızın qəhrəmanlıq mübarizəsinin bir səhifəsi kimi qeyd edildiyini bildirib.
Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
AMEA rəhbəri bu gün dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri bu qırğının soyqırımı aktı kimi tanındığını bildirib. O, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu qanlı hadisəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib. Vurğulayıb ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirməkdədir.
“2020-ci ildən etibarən Xocalı faciəsi dərin hüzn və böyük kədərlə yanaşı, həm də milli qürur hissi ilə də keçirilir”, – deyə bildirən akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, güclü ordumuzun rəşadəti sayəsində tarixi ədalətin bərqərar olduğunu, Xocalının, Qarabağın və Şərqi Zəngəzurun əsl sahiblərinə qaytarıldığını vurğulayıb. AMEA rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev Qarabağ zəfərini Azərbaycan xalqına qazandırmaqla, torpaqlarımızı işğaldan azad etməklə Xocalının yeni səhifəsinin yazılmasının əsasını qoyub. Bu, tariximizin unudulmayan şanlı səhifəsidir. İllər keçdikcə bu hadisənin qiyməti və əhəmiyyəti daha da artacaqdır.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda, o cümlədən Xocalıda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, Böyük Qayıdış Proqramının uğurla həyata keçirildiyini söyləyən akademik İsa Həbibbəyli bir neçə gün öncə ölkə başçısının Qarabağa səfəri çərçivəsində Xocalıda da olduğunu və Ballıca kəndində sakinlərlə səmimi görüşlər keçirdiyini xatırladıb. Bildirib ki, ümumilikdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş quruculuq işləri, əldə olunan nəticələr Azərbaycanın iqtisadi qüdrətinin əyani təzahürü, tökülən qanın yerdə qalmamasının ən yaxşı sübutudur.
AMEA prezidenti hazırda Xocalıda yeni həyatın başlandığını və artıq insanların öz doğma torpaqlarına geri döndüklərini qeyd edib. Vurğulayıb ki, bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən yeni inkişaf səviyyəsinə qaldırılan Azərbaycan dövlətçiliyinin böyük tarixi hadisəsidir.
Xocalı hadisəsini dərindən öyrənməyin Elmlər Akademiyasında fəaliyyət göstərən alimlərin mənəvi borcu olduğunu söyləyən akademik İsa Həbibbəyli dövrün çağırışlarını nəzərə alaraq Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin yaradıldığını diqqətə çatdırıb. O, AMEA-nın digər institutlarında da Qarabağ hadisələri ilə bağlı genişmiqyaslı elmi-tədqiqat işlərinin aparıldığını, yeni kitabların nəşrə hazırlandığını bildirib. Qeyd edib ki, əsas hədəf ölkəmizin müxtəlif dövrlərdə itirilmiş torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması və onların tarixin ibrət dərslərindən lazımi nəticələr çıxarmasıdır. Gənclərimiz bu faciələrin nəticələrini, eləcə də Xocalının ağrılı tarixini bilməlidir.
Daha sonra AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanmış Xocalı soyqırımı barədə məlumatların əks olunduğu slayd nümayiş etdirilib.
Tədbirdə, həmçinin AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Samir İsmiyev, AMEA Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri f.ü.f.d. Aytən Əliyeva və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, böyük elmi işçi Arzu İsgəndərzadə çıxış edərək Ermənistanın hərbi-siyasi cinayətləri, tarixən həyata keçirdiyi işğalçılıq siyasəti barədə danışıb, Xocalı soyqırımı dəhşətlərinin heç zaman unudulmayacağını bildiriblər.
Soyqırım Həqiqətləri Tanıtma İctimai Birliyinin Koordinatoru, Xocalı Soyqırımının canlı şahidi Mürvət Məmmədov isə şahidi olduğu hadisələrdən danışıb. O, 14 yaşında olarkən Xocalıda törədilən qətliam zaman girov götürüldüyünü və dəhşətli gecədə atasını və qardaşlarını itirdiyini söyləyib. Mürvət Məmmədov həmin ağrılı və acılı günlərin indi də gözünün önündə canlandığını bildirib. Qeyd edib ki, artıq bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisası alınıb: “44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Silahlı Qüvvələrimiz Ermənistan ordusunu diz çökdürdü. Otuzillik torpaq həsrətinə son qoyuldu və tarixi ədalət bərpa edildi”.