image-2q7a4990backend

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

image-reklam_sirab_01
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası
keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin
üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, həmçinin AMEA-nın Naxçıvan
və Gəncə bölmələrinin, eləcə də Şəki və Lənkəran Regional Elmi mərkəzlərinin
rəhbərləri və əməkdaşları iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə
məlumat verib.
Əvvəlcə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevə 75 illik yubileyi münasibətilə
AMEA-nın Fəxri fərmanı təqdim olunub.
Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.
İclasda müzakirəyə çıxarılan ilk məsələ AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət
Heyətinin tərkibinin təsdiq edilməsi haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın yeni Nizamnaməsinin və AMEA
Naxçıvan Bölməsinin yeni Nizamnaməsinin müvafiq bəndlərinə uyğun olaraq,
bölmənin Rəyasət Heyətinin yeni tərkibinin formalaşdırılması məqsədi ilə seçki
keçirilib və nəticələrdən irəli gələrək AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət
qaldırılıb. Akademik İsa Həbibbəyli Naxçıvan Bölməsinin Rəyasət Heyətinin təklif
edilən yeni tərkibini iclas iştirakçılarının diqqətinə çatdırıb.
AMEA rəhbəri bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının və Həmkarlar
Təşkilatının sədrlərinin məşvərətçi statusda Naxçıvan Bölməsinin Rəyasət
Heyətinə daxil edilməsini təklif edib.
AMEA-nın Rəyasət Heyəti tərəfindən səsləndirilən təkliflər nəzərə alınmaqla
Naxçıvan Bölməsinin Rəyasət Heyətinin yeni tərkibi təsdiqlənib.
Həmçinin filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov yenidən Naxçıvan
Bölməsinin Rəyasət Heyətinin elmi katibi vəzifəsinə təsdiq edilib.
Daha sonra AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin tərkibinin təsdiq
edilməsi haqqında məsələyə baxılıb.


Akademik İsa Həbibbəyli bölmə tərəfindən təklif olunan yeni tərkibi iclas
iştirakçılarının diqqətinə təqdim edib. Həmçinin Gəncə Bölməsində humanitar
profilli müəssisələrlə işlərin idarə olunması məqsədilə sədr müavini vəzifəsinə bu
sahədən təyinata ehtiyac yarandığını və AMEA-nın Gəncə Bölməsinin Nizami
Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar
Muxtarovun bu vəzifəyə təklif edildiyini bildirib.
İclasda müzakirələrdən sonra Gəncə Bölməsinin Rəyasət Heyətinin yeni tərkibi və
eləcə də filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov bölmənin sədrinin
müavini vəzifəsinə təsdiq olunub.
Sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının tərkibinin təsdiq
edilməsi haqqında məsələyə baxılıb.
Şəki Regional Elmi Mərkəzinə səfərini xatırladan akademik İsa Həbibbəyli
qurumun ötənilki göstəricilərinin əvvəlki illərlə müqayisədə yüksək olduğunu,
aparılan islahatların öz nəticəsini verdiyini bildirib. Həmçinin ilk dəfə olaraq Şəki
Regional Elmi Mərkəzində arxeoloji qazıntılara başlanıldığını və ilk tapıntıların

qeydə alındığını vurğulayıb. Eyni zamanda cari ilin yanvar ayında AMEA-nın
Rəyasət Heyəti tərəfindən Şəki Regional Elmi Mərkəzinin ildə 2 dəfə nəşr
olunmaqla “Elmi əsərləri” jurnalının təsis edilməsi haqqında qərarın qəbul
edildiyini diqqətə çatdırıb.
Daha sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Şəki Regional Elmi
Mərkəzinin Elmi şurasının yeni tərkibi təsdiqlənib.
İclasda, həmçinin AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının
tərkibinin təsdiq edilməsi haqqında məsələyə baxılıb.
Akademik İsa Həbibbəyli bildirib ki, ötən müddət ərzində Mərkəzdə bir sıra
struktur islahatları həyata keçirilib, daxili imkanlar hesabına yeni şöbələr və
Mərkəzin kitabxanası yaradılıb, eləcə də Lənkəran Regional Elmi Mərkəzinin
“Elmi əsərləri” (İctimai-humanitar və təbiət elmləri seriyası) jurnalı təsis olunub.
AMEA rəhbəri həyata keçirilən islahatların öz bəhrəsini verdiyini və Mərkəzin
fəaliyyətində inkişafın müşahidə edildiyini söyləyib.
Akademik İsa Həbibbəyli Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının
təklif edilən yeni tərkibini səsləndirib və müzakirələrdən sonra Rəyasət Heyətinin
qərarı ilə təsdiq edilib.
Daha sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva İran
İslam Respublikasının paytaxtı Tehranda III Xəzər İqtisadi Forumunda iştirakı
barədə məruzə ilə çıxış edib.
Xəzər İqtisadi Forumunun keçirilmə tarixi barədə məlumat verən akademik
Gövhər Baxşəliyeva Forumun iştirakçı dövlətlər arasında iqtisadi-ticari
əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün mühüm platformaya
çevrildiyini, Xəzəryanı dövlətlərin başçıları tərəfindən sülh, mehriban qonşuluq və
səmərəli beynəlxalq əməkdaşlıq dəhlizi kimi dəyərləndirildiyini söyləyib. Qeyd
edib ki, III Xəzər İqtisadi Forumunda bir sıra mühüm məsələlərə toxunulub,
Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığının artırılmasının zəruri olduğu
bildirilib.
Akademik Forum çərçivəsində keçirilən “Xəzər ölkələrinin elmi və texnoloji
əməkdaşlığına dair” sessiyada özünün və AMEA Rəyasət Heyəti aparatının Xarici
əlaqələr beynəlxalq elmi təşkilatlarla şöbəsinin müdiri dosent Esmira
Əlirzayevanın iştirak etdiyini və bir sıra aktual təkliflərin səsləndirildiyini diqqətə
çatdırıb.
Rəyasət Heyəti tərəfindən akademik Gövhər Baxşəliyevanın məruzəsi yüksək
qiymətləndirilib və müvafiq tapşırıqlar verilib.
İclasda, o cümlədən AMEA-nın fəxri üzvü İhsan Doğramacının 110 illiyi
haqqında qərar qəbul olunub.
İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Dilqəm Tağıyev, Rasim
Əliquliyev, İradə Hüseynova, İsmayıl Hacıyev, fizika-riyaziyyat üzrə fəlsəfə
doktoru Yusif Şükürlü, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və
başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda çıxış edən akademik İsa Həbibbəyli Akademiyanın tarixində ilk dəfə
regional bölmələrin və elmi mərkəzlərin rəhbərlərinin iştirakı ilə AMEA-nın
Rəyasət Heyətinin iclasının keçirildiyini söyləyib. Qeyd edib ki, həmçinin AMEA-
nın 80 illik tarixində ilk dəfə olaraq Şəki Lənkəran Regional Elmi

mərkəzlərində elmi nəşrlər təsis edilib. Akademik İsa Həbibbəyli həyata keçirilən
işlərin dövlətimizin regionların inkişafı siyasətinin tərkib hissəsi olduğunu və
AMEA-da aparılan islahatların mərkəzdən regionlardakı elmi qurumlarımıza doğru
genişləndiyini bildirib.
Çıxışının sonunda bildirib ki, atılan bu addımlar ümumilikdə Azərbaycan elminin
inkişafına xidmət edir və alimlərimiz də öz növbəsində əldə etdikləri uğurlarla
dövlətimizin inkişafına özlərinin töhfəsini vermiş olurlar.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image