image-5fd76fef58afebackend

AMEA-sı açıqlama yaydı- AzTV-nin “Xəbərlər” proqramında yer almış AMEA ilə bağlı süjet haqqında

image-reklam_sirab_01

Vətəninfo.az-a Azərbaycan Milli Elmlər Akademiyasından daxil olan məlumatda deyilir ki, 25 iyul 2022-ci il tarixində Azərbaycan Televiziyasının “Xəbərlər” proqramında Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı süjet yer almışdır. Süjetdə, əsasən, AMEA əməkdaşlarının iş intizamının zəif olması, elmi fəaliyyət sahəsində çalışanlar arasında qocalma tendensiyasının güclənməsi və s. məsələlər əks olunmuş, ictimaiyyət nümayəndələrinin Akademiyanın fəaliyyətinə münasibəti televiziya tamaşaçılarının diqqətinə çatdırılmışdır.
Məsələ ilə bağlı AMEA bildirir ki, dövlət qurumlarının sürətlə modernləşdiyi, idarəetmə sahəsində yeni innovativ mexanizmlərin bütün sahələrdə tətbiq olunduğu, kadr potensialından daha səmərəli istifadə ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyi hazırkı şəraitdə yuxarıda qeyd olunan istiqamətlər üzrə dövlət qurumlarının, o cümlədən AMEA-nın fəaliyyətində rast gəlinən nöqsanların obyektiv olaraq kütləvi informasiya vasitələrində əks olunması mövcud problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması baxımından əhəmiyyətlidir.
Hazırda zəngin ənənələrə, güclü elmi potensiala malik Akademiyanın dövlətin sosial-iqtisadi inkişafında daha yaxından iştirakının təmin edilməsi və yuxarıda qeyd edilən istiqamətlər üzrə modernləşdirilməsi üçün idarəetmənin optimallaşdırılması və strukturun təkmilləşdirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilməkdədir. Əlbəttə, elmin cəmiyyətin və dövlətin inkişafının fundamental əsaslarından biri kimi rolu və əhəmiyyətinin yeni yanaşmalar və çağırışlar baxımından dərk olunması üçün qarşıda dayanan vəzifələr, görüləsi işlər çoxdur.
Onu da qeyd etmək istərdik ki, haqqında söhbət gedən süjetdə səsləndirilən iradlar bütövlükdə öz işinə vicdanla yanaşan, bütün ömrünü olduqca ağır və şərəfli bir fəaliyyətə, elmə həsr edən, elmin bu və ya digər sahəsinin inkişafına öz araşdırmaları ilə mühüm töhfələr verən, kütləvi informasiya vasitələrində, o cümlədən Azərbaycan Televiziyasında elmin təbliği və populyarlaşdırılması sahəsində uğurla fəaliyyət göstərən Akademiya əməkdaşlarını və bütövlükdə elmi ictimaiyyəti yeni yanaşmalara sövq edir.
Ümumiyyətlə, elmi fəaliyyət sahəsi üzrə, həqiqətən də, mövcud olan ayrı-ayrı problemləri “ümumi mənzərə” kimi təqdim etmək məqsədəmüvafiq deyildir. Azərbaycan elminin son 10 ildəki ümumi dəyərləndirilməsi baxımından daha bir məsələ üzərində dayanmaq istərdik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamla “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq etmişdir. Qürurverici haldır ki, Strategiyada Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər üzrə son 10 ildə əldə edilmiş əsas nailiyyətlərdən biri kimi, elmi fəaliyyət sahəsində olan uğurlar xüsusi olaraq qeyd edilmişdir. Sənəddə qeyd edilir ki, son 10 ildə “elmi tədqiqat potensialı müasirləşdirilmiş, tətbiqyönlü tədqiqatların aparılması genişləndirilmiş, müasir texnologiyaların tətbiqi imkanları yaranmış və bu prosesdə əqli mülkiyyətin rolu artırılmışdır. Elmin müxtəlif sahələri üzrə tədqiqatlara dair nəşrlərin sayı sürətlə artmışdır. Son 5 ildə akademik nəşrlərin sayı 80% artmış və Cənubi Qafqaz ölkələri arasında Azərbaycan bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşmışdır. Son 4 ildə əqli mülkiyyət sahəsində institusional islahat nəticəsində Qlobal Rəqabətlilik İndeksində ölkəmiz “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 140 ölkə sırasında 71-ci yerdən 30-cu yerə irəliləmiş, yaradıcı iqtisadiyyatın ÜDM-dəki payı 3,5%-dən 5,3%-ə yüksəlmişdir”.
Əlbəttə, cənab Prezident tərəfindən təsdiq edilmiş Strategiyada əksini tapmış bu nailiyyətlər son 10 ildə dövlətin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətin nəticəsi olaraq Azərbaycan alimlərinin gərgin əməyi və səyi nəticəsində mümkün olmuşdur.
Ümid edirik ki, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası, bütövlükdə respublika elmi ictimaiyyəti zamanın ritminə daha adekvat olaraq uyğunlaşacaq, dünən olduğu kimi, bu gün və sabah da yeni reallıqlar şəraitində ölkənin sosial-iqtisadi tərəqqisində və fundamental elmlərin inkişafında yaxından iştirak edəcəkdir.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki