Bir qrup sahibkarın müraciətini oxudum və qida təhlükəsizliyi ilə məşğul olmalı olan qurumun əslində sahibkarlar və ölkə iqtisadiyyatı üçün ciddi təhlükəli durum yaratdığını gördüm.
Görünən budur ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida rasionunda yüksək paya sahib olan quşçuluq təsərrüfatlarını məhv etməyi qarşısına əsas hədəf kimi qoyub. AQTA-nın yaratdığı irtica mühit nəticəsində quşçuluq təsərrüfatları (yumurta və toyuq əti) özünün ən ağır dövrlərindən birini yaşayır və sahibkarların üzərinə qoyulan ağır şərtlər bir müddət sonra bu sahədə həlli mümkünsüz problemlərin ağır mənzərəsini ortaya çıxaracaq. Məhz buna görə də hazırda sahibkarlarla AQTA arasında ciddi problem yaşanmaqdadır.
Bəribaşdan sual olunur, AQTA-nin quşçuluq təsərrüfatlarına qarşı aqressiv hücumları nə ilə nəticələnə bilər?
Birincisi, yumurta və toyuq ətində bahalaşma ola bilər.
İkincisi, xaricdən asılılığa gətirib çıxaracaq.
İndi əsas məsələyə keçək…
Əslində elə AQTA-nin əsas hədəfi də budur: Azərbaycan iqtisadiyyatı yumurta və toyuq əti sahəsində idxaldan asılı vəziyyətə gətirilsin.
Bəs, əhalinin əsas çox istifadə elədiyi qidaların istehsalı ilə məşğul olan təsərrüfatların məhvi və məhsulların xaricdən gətirilməsi AQTA-nın nəyinə lazımdır? AQTA-nın quşçuluq təsərrüfatını xaricdən asılı duruma salmaqda məqsədi nədir?
Məlumdur ki, quşçuluq sahəsində istehsal prosesi üçün həyati əhəmiyyət kəsb edən yem və yem qatqıları, preparatların demək olar ki, hamısı xaricdən idxal olunur. Yerli quşçuluq təsərrüfatları uzun illərdir ki, bu məhsulları Çin və Türkiyənin məşhur şirkətlərindən alır.
AQTA nə edir?
Sahibkarlardan tələb edir ki, bu məhsulları Türkiyə və Çindən yox, Avropadan və MDB ölkələrindən alın. Halbuki, yem qatqılarının əsas istehsalçısı Çin və Türkiyədir. Avropa istehsalçıları isə baza komponentlərini (“L-Lysine HCL”, “L-Threonine”, “Cholıne Chlorıde” və s.) Çindən alır və müəyyən əlavələr edib Azərbaycan bazarlarına satırlar.
Bəs, AQTA hansı fırıldağa əl ataraq, ölkənin strateji müttəfiqi olan Türkiyəyə məxsus yox, Avropa istehsalçılarına məxsus şirkətlərdən məhsulların alınmasını tələb edir?
Agentlik Avropa və MDB-də istehsal olunan qatqılara qeydiyyat tələb etmir, amma “Qida təhlükəsizliyi haqqında” qanuna istinad edərək, Türkiyə və Çindən gətirilən bu qatqılara qeydiyyat tələb edir. Axı 6 ay öncə belə deyildi, indi nə baş verdi?
AQTA-nın “Eldar Mahmudov metodologiyası…”
Hazırda AQTA-nın quşçuluq təsərrüfatlarından tələb etdiyi analiz, ekspertiza və sair fəaliyyətlər üçün tətbiq olunan rüsumlar bir təsərrüfata il ərzində ödədiyi vergilərdən daha yüksək məbləğdə xərc yaradır. Faktiki olaraq, sahibkarlar vergilərdən daha çox məbləği AQTA-nın xidmətləri üçün ödəməli olurlar. Sahibkarlar qandallanaraq, təhdid olunaraq deyil, “mədəni” şəkildə, “qanunlara istinadla soyulur”. AQTA-nın analizlərinin pulu dövlət vergisindən daha çoxdur.
Amma məsələ bununla da bitmir, AQTA sahibkarları dalana dirəyir.
Məsələn, tələb edir ki, istehsalçı Avropa şirkəti olsun, Bolqarıstan da Avropa ölkəsidir, amma oradan gətirilənləri də buraxmır. Türkiyədən idxala da ayın 1-dən qadağa qoyub, heç bir şirkətə xəbərdarlıq edilmədən. Oradan mal alıb gətirilib, sərhəddən buraxılmır.
Daha bir paradoksal durum: AQTA belə ayrı-seçkilik qoymaqla yanaşı, istinad etdiyi “Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minməzdən əvvəl idxalına icazə verdiyi qatqıları da ölkəyə buraxmır. Halbuki ölkəmizdə qanunun geriyə qüvvəsi yoxdur.
Hesab edirəm ki, aidiyyatı dairələr AQTA-nın bu özbaşınalığını araşdırmalı və quşçuluq təsərrüfatlarına qarşı həyata keçirdiyi total hücumlara son qoymalıdır.
Samir Feyruzov