image-7backend

Lefkoşada “Qarabağ irsi” adlı sərgi açılıb

image-reklam_sirab_01

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici İşlər Nazirliyinin binasında “Qarabağ irsi” mövzusunda rəsm sərgisi açılıb.

Vətəninfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, ŞKTC Xarici İşlər Nazirliyi Əməkdaşları və Həyat Yoldaşları Assosiasiyasının (DİMED) səyləri ilə təşkil olunan sərgidə azərbaycanlı rəssam Nigar Helmi Abbasbəylinin 20 əsəri nümayiş olunub.

Tədbirin açılışında ŞKTC Xarici İşlər Nazirliyinin rəhbəri Tahsin Ertoğruloğlu, Şimali Kiprin səhiyyə naziri Hakan Dincürek, Türkiyənin Lefkoşa səfirliyinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

DİMED-in rəhbəri, professor Oya Ertoğruloğlu Azərbaycan mədəniyyətinin ŞKTC-də təbliğinə görə Abbasbəyliyə minnətdarlığını bildirib. O, ŞKTC-nin Cümhuriyyətin elan edilməsinin 41-ci ildönümünü geniş şəkildə qeyd etdiyi günlərdə rəsm sərgisinin açılışının əhəmiyyətini qeyd edib.

Daha sonra çıxış edən Türkiyənin ŞKTC-dəki səfirinin xanımı Sevim Çağla Serim Kipr türkləri ilə Türk dünyası arasında əlaqələrin qırılmaz olduğunu vurğulayıb, xalqlar arasında “mədəni diplomatiya”nın təşviq edilməsinin vacibliyini qeyd edib. O, azərbaycanlı sənətçiyə Kiprin türk sakinlərini Azərbaycanın Qarabağ bölgəsi həqiqətləri haqqında məlumatlandırdığına görə təşəkkür edib.

Nigar Helmi Abbasbəyli bildirib ki, sərginin hazırlanmasına 11 ay vaxt sərf olunub. Rəssam Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində respublikanın Qarabağ bölgəsinin uzun illər davam edən erməni işğalından azad edildiyini diqqətə çatdırıb. O, Qarabağı “Azərbaycanın incisi” adlandıran Ümummilli Lider Heydər Əliyevin sözlərini xatırladıb, işğaldan azad edilmiş torpaqların bərpası istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.

Rəssam deyib: “Mən dünyanın müxtəlif ölkələrinin ictimaiyyətinə Azərbaycanın mədəni sərvətinin mənzərəsini çatdırmağa, eləcə də müharibə və münaqişələr dövründə xalqların mədəni irsinə ziyan vurmağın yolverilməzliyini nümayiş etdirməyə çalışıram. Əminəm ki, hər bir dövlətin inkişaf yolu mədəni irsə hörmət və onu qorumaqdan keçir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image