image-reklam-veteninfo
image-6backend

Asif Əsgərov Zaqatalada şəhidlərin xatirəsinə həsr olunan tədbirlərdə iştirak edib -FOTOLAR

image-reklam-veteninfo

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda şəhidlərin əziz xatirəsinin yad edilməsi və onların qəhrəmanlıq irsinin yaşadılması məqsədilə keçirilən tədbirlərdə iştirak edib.

İlk olaraq, deputat Şixamir Qaflanov adına Humanitar Fənlər Gimnaziyasında Vətən müharibəsi şəhidi, qəhrəman döyüşçü Şixamir Qaflanovun büstünün açılış mərasimində iştirak edib.

Mərasimdə Asif Əsgərovla yanaşı, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən deputat Şixamir Qaflanovun şərəfli döyüş yolundan, Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi igidlik və fədakarlıqdan danışıb. Şəhidlərimizin Vətən qarşısındakı xidmətlərinin heç vaxt unudulmayacağı, onların qəhrəmanlıq nümunələrinin gənc nəsil üçün əsl vətənpərvərlik məktəbi olduğu vurğulanıb.

Bildirilib ki, büstün ucaldılması şəhidin əziz xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, gimnaziyada təhsil alan şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə də töhfə verəcək.

Deputat daha sonra Zaqatala rayonunun Suvagil kəndindən olan şəhid Ehtiram Əhmədovun anım mərasimində iştirak edib. Kənd ictimaiyyətinin və şəhid ailələrinin qatıldığı tədbirdə qəhrəman Vətən övladının xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıq salnaməsinin xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd olunub.

Asif Əsgərov şəhidlərin xatirəsinin yaşadılmasının, onların ailələrinə daim diqqət və qayğı göstərilməsinin, qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını bildirib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki