image-reklam-veteninfo
image-1backend

“Atom bombasının atası” adlandırılan alim- Oppenheimer kim idi?

image-reklam-veteninfo

“Atom bombasının atası” kimi tanınan Robert Oppenheimer XX əsrin ən mübahisəli alimlərindən biri hesab olunur. Onun rəhbərliyi ilə hazırlanmış nüvə silahı Hiroşima və Naqasakinin bombalanması zamanı yüz minlərlə insanın həyatına son qoyub. Bununla belə, Oppenheimer sonradan nüvə silahlarının hərbi məqsədlərlə istifadəsinə qarşı çıxan alimlərdən biri kimi tanınıb.

Robert Oppenheimer 1904-cü il aprelin 22-də Nyu-Yorkda yəhudi əsilli ailədə anadan olub. Təhsil həyatında yüksək nailiyyətlər göstərərək Harvard Universitetini cəmi üç ilə bitirib. Daha sonra Kembric Universitetində təhsilini davam etdirib. Gənclik illərində psixoloji çətinliklər və depressiya ilə üzləşsə də, elmi fəaliyyətini dayandırmayıb.

Oppenheimer 23 yaşında Almaniyanın Gettingen Universitetində doktorluq dissertasiyasını müdafiə edib. 1930-cu illərdə siyasi məsələlərə maraq göstərib, faşizmə qarşı çıxıb və sosial islahatları dəstəkləyib.

İkinci Dünya Müharibəsi dövründə ABŞ prezidenti Franklin D. Rooseveltin göstərişi ilə Manhetten Layihəsi başladıldı. Bu layihədə minlərlə alim iştirak edirdi və Oppenheimer əsas laboratoriyanın rəhbəri təyin olundu. 1945-ci il iyulun 16-da Trinity sınağı həyata keçirildi və bu, tarixdə ilk nüvə partlayışı kimi qeydə alındı.

Oppenheimerin rəhbərliyi ilə hazırlanan atom bombaları 1945-ci il avqustun 6 və 9-da Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atıldı. Bu hadisələrdən sonra alim nüvə silahlarının istifadəsinə görə dərin peşmanlıq hissi keçirdiyini bildirib.

Müharibədən sonra nüvə silahlanmasına qarşı çıxan Oppenheimer ABŞ-ın hidrogen bombası proqramına da etiraz edib. Bu mövqeyi onun siyasi təzyiqlərlə üzləşməsinə səbəb olub. 1954-cü ildə onun təhlükəsizlik icazəsi ləğv edilib və gizli layihələrdə iştirakı qadağan olunub.

Buna baxmayaraq, Oppenheimer elmi fəaliyyətini davam etdirib, xüsusilə qara dəliklər və nəzəri fizika sahəsində mühüm fikirlər irəli sürüb. 1963-cü ildə ABŞ hökuməti tərəfindən ona Enriko Fermi Mükafatı təqdim edilərək qismən siyasi reabilitasiya olunub.

Uzun illər siqaret çəkməsi səbəbilə ağır xəstəliyə tutulan Oppenheimer 1967-ci ildə 62 yaşında vəfat edib.

Onun həyatı və fəaliyyəti sonradan kino sənayesində də əksini tapıb. 2023-cü ildə rejissor Kristofer Nolan tərəfindən çəkilən Oppenheimer filmi böyük maraqla qarşılanıb.

Robert Oppenheimer həm elmi nailiyyətləri, həm də yaratdığı silahın nəticələri səbəbilə tarixdə silinməz iz qoymuş mürəkkəb və ziddiyyətli şəxsiyyət kimi yadda qalıb.

Qoşqar Salmanlı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki