Avropa İttifaqı ilə yaxın əməkdaşlıq
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan üçün xarici siyasət istiqamətlərinin ən önəmli qollarından biri də Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi olmuşdur. Qeyd edək ki, 1996-cı ildə tərəflər arasında imzalanan “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” saziş ikitərəfli və çoxperspektivli münasibətlərin formalaşması, yeni mərhələyə qədəm qoyması baxımından olduqca mühüm rol oynamışdır. Daha sonra Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəliyi yaradıldı. Bu, onu göstərir ki, ötən əsrin sonlarından etibarən Cənubi Qafqaz regionu Avropa İttifaqının maraq dairəsinə çevrilirdi. Əlbəttə, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən xarici və daxili siyasəti nəticəsində davamlı surətdə inkişaf edən Azərbaycan bu marağın əsas səbəblərindən biri idi. Cənubi Qafqaz regionu üzrə yeni qonşuluq proqramının yaradılması da bu fikri qüvvətləndirən amillərdəndir.Həmin dövrdən etibarən sürətli inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan çox keçmədən Cənubi Qafqazın lider dövlətinə çevrildi. Respublikamızın bu inkişafı qonşu dövlətlərin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nəzərindən yayınmadı. Belə ki, Aİ Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycanla münasibətlərinin inkişafına xüsusi diqqət yetirir. Avropa İttifaqı əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötən ilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldir. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışdı.
Əhmədova Cavahir
Nəsimi rayon təhsil işçisi