image-reklam-veteninfo
image-3-3backend

Azərbaycan “3+3 formatı”nı yenidən aktiv şəkildə öz siyasi gündəliyinə daşımalıdır!

image-reklam-veteninfo
Daşı dələn damcının gücü yox, ardıcıllığı, davamlılığıdır. İdeoloji iş də belədir: ardıcıl, davamlı, dayanıqlı və sistemli olmazsa, cəmiyyətdə özünə iz, yer aça bilməz.
Vətəninfo.az xəbər verir ki. bu haqda geniş  açıqlamanı siyasi şərhçi Elxan Şükürlü paylaşıb. Ekspert qeyd edir ki, bir dövlət, onu idarə edən hakimiyyət üçün yürütdüyü siyasəti əsaslandırmaq və onu da cəmiyyətə davamlı şəkildə çatdırmaq son dərəcə vacibdir. Çünki dövlətin siyasətində davamlılıq, ardıcıllıq yoxdursa, deməli, müəyyənləşmiş strategiya, sabit baxışlar sistemi, uzunmüddətli planlaşdırılımış fəaliyyət də yoxdur və atılan addımlar keçicidir:
“Keçici, müvəqqəti olan, mövsümi xarakter daşıyan siyasət isə ağıla yox, əhvala, emosiyaya işarədir, kütləvi şüura və dayanıqlı mövqeyə çevrilə bilməz, cəmiyyətə də qalıcı nizam, ahəng yox, yalnız inamsızlıq, etibarsızlıq və sabitsizlik gətirər.
Bunun acı nəticələrini biz elə son illər – 44 günlük Vətən Savaşından bu yana daha yaxşı görürük: dünən tərifləyib öpdüklərimizi, bağrımıza basdıqlarımızı bu gün söyür, bu gün söydüklərimizi sabah yenidən öpüb bağrımıza basırıq, adını da qoyuruq “balanslı xarici siyasət”.
Söyüş və yaltaqlıq getdikcə Azərbaycan siyasətinin aparıcı xəttinə – ideoloji işinsə əsas komponentinə çevrilir!
Bu səbəbdən də sadə azərbaycanlı indi nə Rusiya ilə tez-tez dəyişən münasibətlərin xarakterini və mahiyyətini anlaya bilir, nə İranla münasibətlərin məsafəsini; nə ABŞ-dan, Avropadan nə istədiyimizi qavrayır, nə Çindən gözləntilərimizi; nə Ermənistanla bundan sonra necə davranmağın gərəkli olduğunu bilir, nə Gürcüstanla… Beləcə, bu çalpaşıq, dolaşıq siyasi düşüncələrin, mövqelərin hökm sürdüyü labirintdə yolunu azıb qalıb!
Dövlət düşüncə dalanında olan vətəndaşına yol göstərər, apardığı ideoloji işlə onun yolunu aydınladar, yolundanazmışları da dərhal yoluna qaytarar! Daha xarici təsir axınının önündə ümidsiz buraxdığı vətəndaşlarına vətəndaşlıq məsuliyyəti hissiylə doğru yolu göstərən tək-tük cəsarətli insanları da söydürməz, önünü kəsməz, bezdirib iyrəndirməz!
Bəli, günümüzün ən böyük problemlərindən biri və bəlkə də, birincilərindən biri dövlətin ideoloji işinə cavabdeh strukturlar, mexanizmlər, şəxslər, onların səriştəsiz fəaliyyəti, işbilməzlikləridir!
Təşəbbüs göstərmək, cəsarətli olub gerçəkləri dilə gətirmək və dövlətin doğru qərarları üçün gərəkli, faydalı tövsiyə və təkliflərin məsuliyyətinin altına girmək əvəzinə, yaxasını kənara çəkmək və yalnız özündənyuxarıkının əhvalına, istəyinə uyğun davranış tərzi seçmək ona gətirib çıxarıb ki, indi ölkənin ideoloji sektorunu təşkil edən bütün mexanizmlər – mediası da, siyasi partiyaları da, vətəndaş cəmiyyəti institutları da, parlamenti də elə paytaxtın kanalizasiya sistemi kimi çöküb, deşilib, zir-zibilin içindədir, üfunət verir!
Göydən yerə düşən hər yağış damcısı illərdir qarış-qarış satılan, talanan və bütün bu çirkinlikləri “ənlik-kirşan” altında gizlədilən paytaxtımızın gerçək simasını necə bircə andaca təmizləyib hər kəsə göstərirsə, Azərbaycan ətrafında baş verən istənilən geosiyasi tərpəniş, təlatüm də ölkəmizin yad cərəyanların və siyasi təsirlərin ağuşunda necə boğulub çırpındığını, ənənəvi dəyərlərinin necə əridilib yox edildiyini və dövlət qurumlarının da bu təsirlər önündə nə dərəcədə müdafiəqabiliyyətli olub-olmadığını çılpaqlığıyla aşkarlayıb ortaya qoyur!”. Elxan Şükürlü vurğulayır ki,yalançı statistikalarla özümzü tərifləyib, aldatmayaq: hər böhran situasiyasının aşkarladığı, ortaya qoyduğu həqiqət budur ki, 24 saat işləyən və hər işin yükləndiyi bir neçə azsaylı dövlət qurumu istisna olmaqla, əksər sahələr, xüsusən də ictimai-siyasi sektor, ölkənin ideoloji cəbhəsi bu geosiyasi təlatümlərə tamamilə hazırlıqsız və dayanıqsızdır: “Bəli, Vətən Müharibəsindəki uğurlardan sonra çox böyük ümidlər yaranmışdı ki, Azərbaycan prezidentinin təklif etdiyi və 3 nəhəng region ölkəsi tərəfindən də dəstəklənən “3+3 formatı”na uyğun yeni bir geopolitik paradiqma işlənib hazırlanacaq və dövlətin ideoloji aparatı da bu paradiqmaya uyğun şəkildə ideoloji işi ardıcıl və sistemli şəkildə həyata keçirəcək.
Ancaq təəssüf ki, Prezidentin bu çıxışları, Azərbaycan dövləti adından imzalanan sənədlərdə, müqavilələrdə yazılanlar bir tərəfə atıldı, hansısa gücün təsiriylə kimlərinsə uydurduğu və reallıqla uzlaşmayan şüar-tezislər efir-media məkanının dəyişməz və silikondodaq simalarının tutuquşu təkrarçılığına çevrildi!
Öz ana dilində doğru-dürüst danışa, yaza, xəritədə bəhs etdiyi ölkənin sərhədlərini göstərə bilməyən, elmdən və əxlaqdan yoxsul adamlar – siyasətçilər, deputatlar, aparıcılar, şərhçilər, ekspertlər kəkələyə-kəkələyə, guya, dövlətin siyasətini kütlələrə çatdırmaq, izah etmək adı altında söyüş və ironiya ilə yenə də gah Rusiyaya savaş açdılar, gah da İrana…
Bu da sistemsiz və qeyri-ardıcıl yanaşmanın növbəti nəticəsi: o qədər dərinə gediblər ki, indi münasibətlərin yenidən əvvəlki formata qaytarılması üçün nə üz qalıb, nə vaxt, nə də cəmiyyətdə inam-etibar!
Baxın: eyni adamlar 3-4 ildə eyni mövzuda fikir və mövqelərini azı 400 dəfə dəyişiblər! Dünən dediyini bu gün təkzib edən, bu gün təkzib etdiyini sabah təsdiqləyən adamlarla cəmiyyətdə necə inam qazanmaq və dövlət siyasətinə də inam, etibar qazandırmaq olar?!
Dövrün geopolitik şərtləri Azərbaycandan yenidən müharibədən sonrakı formatı yeniləməyi və daha ardıcıl, sistemli və praktik fəaliyyət tələb edir!
ABŞ-İsrail koalisiyasının İrana hücumları bir daha təsdiqlədi ki, evimizin – coğrafiyamızın sahibi məhz özümüz olmalıyıq!
Azərbaycan “3+3 formatı”nı yenidən və daha aktiv şəkildə öz siyasi gündəliyinə daşımalıdır! Dövlətin ideoloji aparatı da yenilənmiş şəkildə, yeni və daha hazırlıqlı, elmi-siyasi çəkisi olan adamlarla ölkənin milli təhlükəsizliyinə real cavab verən strategiyaların, proqramların hazırlanması və cəmiyyətə təqdimatı işinə səfərbər edilməlidir! Yoxsa hələ çox söydüklərinizi öymək, öydüklərinizi söymək məcburiyyətində qalacaqsınız! “.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki