Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə təminat verən ölkədir
İyul ayının 18-də Bakıda Azərbaycanla Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması əlaqələrə yeni təkan verəcəkdir. Mötəbər beynəlxalq təşkilatla əməkdaşlıq Azərbaycanın xarici siyasət kursunda əsas yerlərdən birini tutur. Azərbaycanın siyasi kursu tam müstəqil olmaqla yanaşı ölkənin milli maraqlarının, dövlətin mövqelərinin layiqincə qoruduğuna xidmət edir. Bu xətt Avropa İttifaqı ilə əməkdaşlıqda da özünü aydın şəkildə göstərir və son illərdə daha da genişlənməyə başlayıb. Xüsusən də İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra əlaqələrdə daha da artmağa başlayıb.
İyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirilən görüşü, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatında ölkəmizin mövqeyi ilə bağlı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqlədi.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri – Avropa İttifaqı ilə tərəfdaşlıqdır. Bu əlaqələrinin hüquqi bazasını 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Buna qədər Aİ ilə münasibətlər TACIS, “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib. Azərbaycan Aİ-nin təşəbbüskarı olduğu beynəlxalq layihələrdə fəal iştirak edib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə təməli qoyulan əməkdaşlıq bu gün müxtəlif istiqamətləri əhatə etməklə münasibətlərə yeni çalarlar gətirməkdədir və əlaqələrdə son illərdə çox ciddi irəliləyişlər müşahidə olunmaqdadır.
Son 19 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, milli maraqlara əsaslanan uğurlu diplomatiya sayəsində Azərbaycan qlobal məkanda strateji əhəmiyyətli dövlətə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda böyük təcrübəyə malikdir. Ölkəmiz demək olar ki, qurumun üzvü olan dövlətlərin üçdəbiri ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bununla yanaşı, Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan tək Aİ ilə deyil, həm də bu quruma üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Bu əlaqələrin bütün səviyyələrdə dərinləşdirilməsi isə həm Azərbaycanın, həm Aİ-nin, həm də bu quruma üzv ölkələrin maraqlarına cavab verir. Bütün bunlar bir daha təsdiq edir ki, bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin inkişafına, transmilli layihələrin reallaşdırılmasına və qlobal təhlükəsizlik məsələlərinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir.
İyulun 18-də keçirilən görüşdə cənab İlham Əliyev bir daha ikitərəfli əməkdaşlığı dəyərləndirərək dedi ki, bu gün mövcud əlaqələr Şərq Tərəfdaşlığı çərçivəsində də çox uğurla inkişaf edir. Bu istiqamətdə çox yaxşı nailiyyətlər, fəal siyasi təmaslar mövcuddur. Prezident İlham Əliyev yeni imzalanan Anlaşma Memorandumunu gələcək üçün bir növ yol xəritəsi adlandırdı və bir daha bəyan etdi ki, tərəflərin potensialı nəzərə alınaraq şəbəkənin qurulması üzərində daha fəal iş aparılmalıdır.
Prezident İlham Əliyev tərəfindən yürüdülən müstəqil xarici siyasət Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu münasibətlərin qurulmasına əsaslanır. Azərbaycanın geostrateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını artırır. Aİ rəhbərliyi Azərbaycan Prezidentinin irəli sürdüyü qlobal miqyaslı təşəbbüsləri təqdir edir və ölkəmizlə münasibətlərin davamlı yüksəlişi üçün əlaqələri daha da şaxələndirir.
Bütün bunlar isə Prezident İlham Əliyevin xarici siyasət strategiyasının uğurlu davamının və Azərbaycanın dünya birliyindəki mövqeyinin getdikcə daha möhkəmləndiyinin bariz təcəssümüdür.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor