image-8bad9b61-ceda-4c7f-a1e1-d19322d8d106backend

Azərbaycan Avropanın etibarlı enerji təminatçısıdir

image-reklam_sirab_01

 

 

İyun ayının 1-də paytaxtımız Bakı şəhərində tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi. Bakı Enerji Həftəsi çərçivəsində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə keçirilən bu mötəbər tədbir dövlətlərarası iqtisadi əməkdaşlıq üçün yeni üfüqlər açacaq, münasibətlərə töhfələr verəcəkdir.

Dünyanın enerji xəritəsini dəyişən Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Xəzər Neft-Qaz sərgiləri və keçirilən konfranslar həmişə uğurla nəticələnib və xalqlararası əməkdaşlığın genişlənməsinə stimul yaradıb. Böyük maraqla qarşılanan belə tədbirlərin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, «Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub, həm dövlət, həm sərmayədarlar öz mənfəətini götürür və beləliklə, Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradılmışdır. Bu format bu gün digər sahələrdə də özünü büruzə verir».

Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda neft sənayesinin inkişafına göstərilən diqqətin, onun hazırladığı neft strategiyasının daha geniş miqyasda tətbiqinin nəticəsidir. Ulu öndər Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması «Əsrin kontraktı”»nın imzalanması ilə təsdiqləndi. Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır.

Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə  Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.

Bu gün Azərbaycan Avropanın enerji təminatı üçün etibarlı tərəfdaşdır. Ölkəmizdə ənənəvi enerji mənbələri ilə yanaşı külək və günəş enerjisindən istifadə üçün mühüm addımlar atılır. Həmçinin Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir ki, bu da çox böyük göstəricidir. Eyni zamanda İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Gələcək perspektiv ünün hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir.

Həyata keçirilməsi nəzərdə tutulan bütün  enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Bütün bu göstəricilər də öz növbəsində ölkəmizin etibarlı tərəfdaş olmasını bir daha sübut edir.

 

 

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Qızıl qələm” mükafatı laureatı

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki