image-img-20220620-wa0026backend

Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi

image-reklam_sirab_01

Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi.
Tarixboyu Azərbaycan xalqı həmişə əmin – amanlığın tərəfdarı olub. Lakin səbrin də bir həddi-hüdudu olur. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Təbii ki, müharibənin hər dəqiqəsi, hər saatı qan-qada, ölüm – itimdir. Ona görə 44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır.
Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan 2020-ci ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də baş verənlər isə səbr kasasını daşıran son damla oldu. Vətən müharibəsi başlamışdı və bütün Azərbaycan bir neçə dəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü.
Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 19 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.
Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.
Vətən müharibəsi regional və qlobal miqyasda Azərbaycana dəstəyi də nümayiş etdirdi. Biz kimin kim olduğunu gördük və çoxları nəhayət, anladılar ki, Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətli və önəmlidir. Azərbaycan Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmədi. O, yalnız öz gücünə arxalandı, xalqın marağı dövlətin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Bu da ondan irəli gəldi ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas özəlliyi onun Azərbaycanın milli maraqlarını ehtiva etməsidir. Onun hakimiyyətdə olduğu 17 il ərzində ölkəmizin xarici siyasət kursunda yalnız bu prinsiplər üstünlük təşkil edib: Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu qoruyub saxlamaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək. Və bu da nəticə: Azərbaycan 30 ildir məruz qaldığı təcavüzü aradan qaldırdı, döyüş meydanında olduğu kimi, diplomatiya arenasında da qalib gəldi.

Nəsimi rayon sakini Hüseynli Billurə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki