Azərbaycan qazına olan tələbat sürətlə artır
1 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisinin açılış mərasimi keçirilib. Bu Sərgini ötənilki tədbirlərdən fərqləndirən başlıca amil isə forumun proqramına yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək işgüzar görüşlərin daxil olmasıdır.
Dünyanın nüfuzlu şirkətlərin nümayəndələri ilə yanaşı tədbirdə cənab Prezident İlham Əliyev iştirak etmişdir. Dövlət başçısı çıxış edərək qeyd edib ki, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi mühüm rol oynayır və qlobal enerji oyunçularının diqqətini Azərbaycana yönəldib: “Azərbaycandan Gürcüstana ilk boru kəməri olan “Supsa”nın işə salınması vacib hadisə idi. Bu, bizə ixraca başlamaq imkanı yaratdı. Eyni zamanda, tərəfdaşlarımızla qaz yataqlarının, o cümlədən, “Şahdəniz” yatağının işlənməsinə başladıq və 2007-ci ildə Bakı-Tiflis-Ərzurum qaz kəməri işə salındı. Həmin vaxt ilk dəfə olaraq, Azərbaycan qazı Türkiyə və Gürcüstan bazarlarına ixrac olunmağa başladı. O vaxtdan etibarən Bakı-Tiflis-Ceyhan layihəsi və Azərbaycanın digər enerji infrastrukturları fasiləsiz işləyir. Əlbəttə ki, bu, proqnozlaşdırma, etibarlılıq, texniki və maliyyə baxımdan mürəkkəb bu cür genişmiqyaslı infrastruktur layihələri həyata keçirmək qabiliyyətimizi nümayiş etdirir”.
Dövlət başçısı qeyd edib ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətin genişləndirilməsi həm Azərbaycan, həm də tərəfdaşlarımız üçün zəruridir. Ölkəmizin hasilatı və ixracı artırmağa müvəffəq olduğunu vurğulayan Prezident deyib: “Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər”. Prezident İlham Əliyev “Şahdəniz”lə yanaşı, digər yataqların da çox perspektivli olduğunu diqqətə çatdırıb. Bildirib ki, gələn il onların bəzilərində hasilat başlayacaq və bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq.
Qeyd edib ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb.
“Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Elsən Manafov – siyasi səhrçi, politoloq