image-81520cccbba6d9e19f858c70535d2525backend

Azərbaycan regionda təklənə bilər – İran və Rusiya sülhə qarşı

image-reklam_sirab_01

Bakı və İrəvan sülh müqaviləsinə razılaşarsa, Rusiya İrana hərbi aktivləşməyə icazə verəcək
Amerikanın nüfuzlu “Foreign Policy” nəşri Azərbaycan və Ermənistan sərhədində mövcud vəziyyəti ətraflı şərh edib. Xarici siyasət ekspertləri əmindirlər ki, Ukraynadakı müharibə Cənubi Qafqazda yeni qüvvələr balansına ən çox təsir edib. “Dağlıq Qarabağ uğrunda müharibənin bitməsindən iki il sonra Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru irəliləyirlər”, amerikalı analitiklər deyirlər.

Amerikalı analitiklərin proqnozlarına görə, Azərbaycan və Ermənistan arasında yeni qaçılmaz müharibə qısamüddətli, lakin 2020-ci ilin 44 günlük müharibəsindən heç də az dramatik olmayacaq.

“Bakı və İrəvan indiki şəraitdə sülh müqaviləsinə razılaşarsa, Rusiya o zaman “bizim maraqlarımız zərbə alırsa, nə olur-olsun” prinsipindən çıxış edərək İrana hərbi aktivləşməyə icazə verəcək. Bəs İran hərbi macəraya atılmağa hazır olacaqmı?! Suala bir cümlə ilə cavab versək, Azərbaycanın müttəfiqi Türkiyə, strateji tərəfdaşı, nüvə dövləti Pakistan və Səudiyyə Ərəbistanı narahatlıq ifadə etməklə kifayətlənməyəcəklər. Nəzərə alsaq ki, bu ölkələr İranla sərhədlərə malikdirlər”.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov regionda yeni hərbi toqquşmalar riski haqda məqaləsində belə yazır. Politoloqa görə, Cənubi Qafqaz regionu mövcud təbii münaqişə potensialı ilə yanaşı, Rusiya-Ukrayna müharibəsindəki vəziyyətdən, Rusiyanın resurslarının məhdudlaşdırılmasından və İranın proseslərə reaksiyasından irəli gələn müharibə təhlükəsi var. Bütün bunlar Türkiyədə seçki mənzərəsindəki qeyri-müəyyənlik fonunda baş verir. Şübhəsiz ki, Rusiya və İran rəhbərliyi Ərdoğanla rəqabətdə çətinlik çəkirlər, lakin münasibətlər xeyli inkişaf edib. Bu əlaqələri “proqnozlaşdırıla bilən gözlənilməzlik” və ya “rəqabətli tərəfdaşlıq” kimi təsvir etmək olar. Ərdoğanın hakimiyyətdən getməsi Rusiya və İran üçün problemlər yaradacaq, buna cavab olaraq regionda qısamüddətli hərbi güc tətbiqi nəzərdə tutula bilər.

“Azərbaycanın indiki vəziyyətdə yeganə qabaqlayıcı addımı daxil olduğu koalisiyada situasiya fəallaşması, silahlı qüvvələrin gücləndirilməsi və düşmənə maksimum ziyan vuran silahlar əldə etməsidir. Bugünlərdə keyfiyyətcə yeni bir silahın nümayişinin çox faydalı olması da inandırıcıdır”, – deyə məqalədə bildirilir.

Beləliklə, anlaşılan odur ki, həm İran, həm də Rusiyanın ortaq maraqları regionda ciddi müharibə riski yarada bilər.

Deputat Bəhruz Məhərrəmovun sözlərinə görə, regionda yeni müharibə ehtimalı hər zaman mövcuddur: “Yerləşdiyi əlverişli geosiyasi mövqeyinə görə maraqların toqquşduğu Cənubi Qafqazda müharibə riski həmişə olub və həmişə də bir qayda olaraq prosesdən məhz bölgə dövlətləri zərərli çıxıb. Bu mənada regionda müharibə ehtimalı heç vaxt gözardı edilə bilməz. Amma dəyişən bir reallıq var ki, 44 günlük müharibədən sonra Cənubi Qafqazda Azərbaycanın simasında yeni bir müstəqil hərbi-siyasi güc mərkəzi yaranıb. Türkiyə və İsrail başda olmaqla önəmli müttəfiqliklər, şaxələndirilmiş enerji siyasəti, habelə cənab Əliyevin Türk Dövlətlər Birliyi və Qoşulmama Hərəkatı çərçivəsində böyük siyasi ustalıqla formalaşdırdığı beynəlxalq konfiqurasiya isə diplomatik müstəvidə də Bakını rəqiblərindən bir neçə addım önə çıxarır. Sirr deyil ki, ayrı-ayrı beynəlxalq beyin mərkəzləri də yeni müharibə ehtimalında İrəvanın daha qısa müddətə və daha biabırçı formada məğlubiyyət proqnozlarını açıq formada dilə gətirirlər. Elə həmin beyin mərkəzlərinin proqnozlarında İrandan mümkün təhdidlərin xüsusi qabardılmasına gəlincə, Tehranın Azərbaycana “münasibəti” bizim üçün sirr deyil. Lakin 2022-ci ildə Prezident İlham Əliyevin istər siyasi-diplomatik müstəvidə, istərsə də hərbi müstəvidə atdığı addımlarla Tehranı pat vəziyyətinə salması, habelə İranın təlimlər keçirdiyi bir vaxtda Türkiyə, İsrail və Səudiyyə Ərəbistanın davranışları, ABŞ Dövlət Departamentinin bəyanatı, eləcə də İranın özünün daxilindəki vəziyyət Tehranın bu prosesdə bəri başdan məğlub olduğunu göstərir. Eyni təhdidlərin Rusiyadan gözlənməsinə gəlincə, bəli, sülhməramlıların müvəqqəti nəzarət zonasındakı xoşagəlməz durum, Rusiya hərbi elitasının bir sıra hallarda tutduğu qərəzli mövqe bizi qane etmir. Lakin cənab İlham Əliyevin Şimal siyasəti bütövlükdə Moskvanın təsir və təhdid perspektivini faktiki olaraq bloklayıb. Buraya həm liderlərin şəxsi münasibətləri, eyni zamanda ağır sanksiyalara məruz qaldığı dövrdə Rusiyanın Qərbə açılan yeganə sağlam qapısının faktiki olaraq yalnız məhz Azərbaycan olması kimi məqamları, habelə Türkiyə-Rusiya münasibətlərinin mövcud durumunu da əlavə etsək, Rusiyanın Azərbaycan kimi öhdəliklərinə və qonşuluq münasibətlərinə sadiq tərəfdaşını narazı sala biləcəyi qeyri-ciddi görünür”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Züriyə Qarayeva bölgənin əsas güclərindən ikisi üçün tarixin sonunun yaşandığı qənaətindədir: “Ermənistan tərəfinin üçtərəfli razılaşmanın prinsiplərindən yayınması bölgədə ən çox İran və Rusiyanın işinə yarayır. Hər iki ölkə münaqişə ocağının tamamilə aradan qalxmasından, bölgədə güclər balansının tamamilə dəyişməsindən, Ermənistanın sülh müqaviləsini imzalamasından sonra Türkiyə ilə yaxınlaşma çərçivəsində Rusiyanın və İranın orbitindən uzaqlaşmasından narahatdır. Rusiyanın bölgə ilə bağlı planları hər kəsə məlumdur. İran isə alternativ gücə qarşı qıcığından əlavə qorxularına yenik düşür. İran çox yaxşı anlayır ki, saxta tarixin sonu yoxdur. Tarixin sonu isə Tehran və Moskva üçün bu gün yaşanır”.

BAXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə proseslərin durmadan ölkəmizin lehinə işlədiyini qeyd etdi: “Ermənistanın Azərbaycanla sülh müqaviləsindən yayınması və prosesləri sabotaj etməsi növbəti müharibə riskini yaradır. Təbii ki, iki ölkə arasında sülh danışıqlarının başlanması və sülh müqaviləsinin imzalanması Rusiyanın maraqlarına cavab vermir. Burada İran da maraqlı ölkədir və iki ölkə məhz Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə qarşıdır. Rusiya İranı Azərbaycana qarşı hərbi provokasiyaya təhrik edir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və yaxud hər hansı bir hərbi vəziyyət dəyişərsə, İranın müdaxiləsi Türkiyə və Pakistanın birbaşa müharibəyə qarışması ilə nəticələnə bilər. Bunu İran rejimi bilir və atacağı addımların Tehrana baha başa gələcəyinin fərqindədir ”.“Yeni Müsavat”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki