Azərbaycan-Serbiya münasibətləri inkişaf edən dinamikaya malikdir və ildən-ilə daha da möhkəmlənir. Ümumilikdə, rəsmi Bakı bütün dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında münasibətlərin inkişafında maraqlıdır.
Azərbaycan həm Qərbdə, həm də Şərqdə qəbul olunan və balanslı siyasət yürüdən aktor kimi çıxış edir. Bu baxımdan Serbiya ilə əlaqələr də istisna təşkil etmir.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında keçirilən görüşdə səsləndirilən fikirlər bir daha göstərdi ki, hər iki tərəf əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bu əməkdaşlıq çoxşaxəli xarakter daşıyır və enerji, təhlükəsizlik, hərbi-texniki sahə, siyasi dialoq, iqtisadi və humanitar istiqamətləri əhatə edir.
Bildirilib ki, Prezident Vuçiçin rəhbərliyi altında Serbiya uğurla inkişaf edir. O, həm beynəlxalq müstəvidə böyük hörmət qazanıb, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılıb. Dövlətimizin başçısı qeyd edib ki, bunun nəticəsində bu gün Serbiya təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir.
Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Dövlətimizin başçısı bildirib ki, elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir.
Xüsusilə enerji sahəsində əməkdaşlıq son dövrlərdə prioritet istiqamətlərdən birinə çevrilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Serbiya üçün də strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı təcrübə mübadiləsi və koordinasiya münasibətlərin mühüm komponentlərindəndir.
Bir müddət bundan əvvəl Azərbaycandan Serbiyaya təbii qazın ixracatına başlanılıb və danışıqlar zamanı qərara gəlinib ki, ixracın həcmi artırılacaq. “İndi Serbiyaya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektrikin əldə olunmasına da nail olacağıq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq”, – deyə dövlətimizin başçısı Belqradda keçirilən mətbuata bəyanatında vurğulayıb.
Hazırkı geosiyasi şəraitdə, Avropada iqtisadi və təhlükəsizlik problemlərinin dərinləşməsi fonunda, bir sıra Avropa dövlətləri, o cümlədən Serbiya üçün Azərbaycanla əməkdaşlıq daha da aktuallaşıb. Azərbaycan sabit və etibarlı tərəfdaş kimi həm enerji, həm də siyasi baxımdan regionda mühüm rol oynayır. Beləliklə, Azərbaycan-Serbiya münasibətləri strateji tərəfdaşlıq xətti üzrə inkişaf edir və mövcud dinamika göstərir ki, qarşıdakı illərdə bu əlaqələr daha da genişlənəcək.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


























