image-1backend

Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün dörd şərt – DETALLAR

image-reklam_sirab_01

Azərbaycanın lokal antiterror əməliyyatından sonra bölgədə heç bir toqquşma, şiddətli silahlı qarşıdurma qeydə alınmasa da, Azərbaycan-Ermənistan gərginliyi qlobal münaqişələr kontekstində bir daha dəyərləndirilir. Həmçinin Cənubi Qafqazdakı situasiyanın İsrail-Fələstin qarşıdurması fonunda arxa planda qalmasından danışmaq hələ tezdir.

Amerikanın “Foreign Affairs” jurnalı Oslo Sülh Araşdırmaları İnstitutuna istinadən yazır ki, dünyada münaqişələrin sayı, intensivliyi və uzunluğu Soyuq Müharibənin bitməsindən sonra ən yüksək səviyyədədir: “Dünyanın müxtəlif yerlərində şiddətli qarşıdurmalar artır: “Yaxın Şərqdə daha geniş müharibə ehtimalı var- HƏMAS-ın oktyabrın 7-də İsrailə və İsrailin Qəzzaya hücumları baş verib, ABŞ əsgərlərini təhdid edən PUA hücumları dalğası da daxil olmaqla, Suriyada zorakılıq artıb. Sentyabrın sonlarında Cənubi Qafqazda Azərbaycan mübahisəli Dağlıq Qarabağ anklavını ələ keçirərək təxminən 150 000 etnik ermənini bu ərazidəki tarixi evlərini tərk etməyə məcbur edib və Ermənistanla yenidən döyüşlərə zəmin yaranıb. Bu arada, Afrikada Sudanda vətəndaş müharibəsi davam edir, Efiopiyada da münaqişələr bərpa olunur və iyul ayında Nigerdə hakimiyyətin hərbçilər tərəfindən ələ keçirilməsi 2020-ci ildən bəri Sahel (Mərkəzi Afrikada region-red) və Qərbi Afrikada 6-cı çevrilişdir”.

“Foreign Affairs” jurnalı dünyanın beynəlxalq əlaqələr, diplomatiya sahəsində ixtisaslaşmış ilk nəşrlərindən biridir, indi də bu sahə üzrə ən yaxşı 10 nəşr siyahısındadır. Bu nəşrdə Qarabağı tərk etmiş ermənilərlə bağlı şişirdilmiş rəqəm (150 min) və yanlış terminologiyadan ( mübahisəli anklav) istifadə edilməsi arzuolunmazdır.

Yaponiyanın “Тoyokeizai.net” nəşri də dünyanı təhdid edən savaş ehtimallarından yazır. Nəşrə görə, planetdə dünya müharibəsinə aparacaq “vulkanik zonalar”, Qərb və Şərqin hərbi-siyasi tektonik plitələrinin toqquşması dünyanı partlayışla təhdid edir: “Ukraynadakı konfliktin sonu görünmür, Qəzza zolağındasa İsraillə Fələstin arasında yeni müharibə başlayıb. 2023-cü ilin sentyabrında Azərbaycanla Ermənistan arasındakı bufer zona olan Dağlıq Qarabağda hərbi əməliyyatlar olub”. Müəllif hesab edir ki, belə münaqişələr təsadüfən baş vermir. Onların şəraiti hər regionda fərqli olsa da, hamısı bir ümumi səbəbdən qaynaqlanır: ABŞ-ın rəhbərlik etdiyi Qərb bloku ilə yeni dünya gücləri olan Rusiya və Çin arasındakı qarşıdurma. Müəllif qeydə alınan tektonik hərəkətlənmənin yeni dünya savaşına səbəb ola biləcəyini də deyir: “Rusiya ilə Aİ arasında şimaldan cənuba uzanan uzun, dar xətt ilk hərbi “vulkanik zona”dır. Bu xətt şimalda Finlandiya, üç Baltikyanı ölkə, Belarus, Ukrayna, Qafqazda Ermənistan və Azərbaycan, Balkanlarda Serbiya, Kosovo və Serbiya Respublikasından (Bosniya və Herseqovinanın bir hissəsi), daha sonra Türkiyə, İraq, Suriya, Livan və İsrail və Fələstindən keçir”.

“Eurasia Review” analitik jurnalı isə son günlər Azərbaycanla bağlı iki yazı (“Qarabağ münaqişəsinin sona çatması Cənubi Qafqazda sülhə yol açır” və “Qarabağın keçmişi və gələcəyi, Cənubi Qafqazın təhlükəsizliyi”) dərc edib.

Birinci yazının müəllifi Taras Kuzio ukraynaəsillidir, yazıları obyektivliyi ilə seçilir və əsasən Azərbaycanın mövqeyindən çıxış edir. O yazır ki, Ermənistan və Azərbaycan arasında davamlı sülh müqaviləsi üçün dörd amil nəzərə alınarsa, Cənubi Qafqaza sülh, təhlükəsizlik və iqtisadi rifah gətirəcək:

-Birincisi, xarici qüvvələr 1992-ci ildə Fransa, ABŞ və Rusiyanın iştirakı ilə yaradılmış ATƏT-in Minsk Qrupunu dirçəltməyə çalışmamalıdır, çünki o, münaqişənin həlli ilə bağlı razılığa gələ bilməyib.

-İkincisi, Fransa münaqişədən sonrakı sülh müqaviləsi üzrə danışıqlarda iştirak edə bilməz. Böyük erməni lobbisinə malik olan Fransa hər zaman Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirib və nümayiş etdirməkdə davam edir, indi də Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək cəhdini pisləyir. Eyni zamanda, Fransa Ukraynanın ərazi bütövlüyünün bərpasında ona hərbi dəstək verir.

-Üçüncüsü, Kreml son otuz ildə Moldova, Gürcüstan və Azərbaycanda münaqişələrin dondurulmasını və sülh sazişləri üzrə danışıqlar aparmaqdansa, Rusiyanın hərbi mövcudluğunu qoruyub saxlamağa üstünlük verib. Rusiyanın Qarabağda “sülhpərəst” kimi göründüyü son üç ildə ikiüzlülüyü açıq-aşkar görünürdü, amma reallıqda nə Ermənistanı, nə də Azərbaycanı qane etmirdi.

-Dördüncüsü, prezident Barak Obamanın dövründə ATƏT-in Minsk Qrupuna məhəl qoymayan və 2010-cu ildən bu günə kimi iştirak etməyən ABŞ ideal dünyada danışıqlarda strateji tərəfdaş ola bilərdi, lakin 1990-cı illərdən ABŞ administrasiyası böyük erməni lobbisinin təsirindədir. Co Bayden administrasiyası Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etmək cəhdinə görə pisləyərək eyni məcrada davam etdi, halbuki Vaşinqton Ukraynaya ən böyük hərbi yardım tədarükçüsüdür və Azərbaycan da Ukrayna kimi da öz ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə aparır. Fransa kimi, ABŞ-ın da buna niyə ikili münasibət göstərdiyi başa düşülmür.

Müəllif vurğulayır ki, sülh müqaviləsi Ermənistan və Azərbaycan arasında sovet respublikalarının sərhədlərini onların yeni beynəlxalq sərhədləri kimi möhkəmləndirməlidir. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra milli azlıqların hüquqlarını almalıdırlar. Otuz illik münaqişəyə son qoymaq Cənubi Qafqaza çoxlu faydalar gətirəcək. Bu, xüsusilə, sülh müqaviləsindən yaranan sabitlikdən Rusiyadan iqtisadi asılılığı azaltmaq, regional enerji layihələrinə qoşulmaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq, müdafiə və təhlükəsizlik xərclərini azaltmaq üçün istifadə edə biləcək Ermənistana aiddir. Regional sabitlik və yaxşılaşmış iqtisadi perspektiv yaşadıqdan sonra Rusiyada yaşayan bir çox ermənilər Ermənistanda yaşamağa qayıdacaqlar.

İkinci yazının müəllifi Robert M.Katler uzun illər Karleton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunda baş elmi işçi olub və Kanada Qlobal Məsələlər İnstitutunun keçmiş əməkdaşıdır. O, Qafqazın erməni əhalisinin əsas hissəsinin çar hakimiyyəti illərində köçürülmə olduğunu və Rusiyanın maraqlarına xidmət etdiyini qeyd edir. 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin azərbaycanlılara dəxli olmadığını, buna görə onlardan qisas alınmasının anormallığına diqqət çəkir. Qeyd edir ki, etnik təmizləmə haqda da ittihamlar əsassızdır. Yada salaq ki, etnik təmizləmə haqda ittihamlar, adətən 1915-ci il hadisələrini xatırlatmaqla səsləndirilir, beləliklə də Qərbdə I dünya savaşı haqda yaradılmış bütün mənfi assosiasiyalar Azərbaycan yönəldilir.

Cəmaləddin Quliyev, siyasi ekspert


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki