Azərbaycanda süni intellektdən istifadə etməklə törədilən təxribat halları cinayət sayılacaq və buna görə ciddi cəzalar tətbiq ediləcək.
Vətəninfo.az fed.az-a istinadən xəbər verir ki, bu Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklər Məcəllənin 282-ci (təxribat) maddəsinə aiddir. Qanunan edilən dəyişiklikdə təxribatın obyektləri genişləndirilib.
Belə ki, əvvəllər “təxribat” deyildikdə Azərbaycanın müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma başa düşülürdü. Dəyişikliklərdən sonra isə təxribat sayılan hərəkətlərə yuxarıda sadalananlardan başqa, ölkənin elmi-texniki potensialını zəiflətmək, kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurulmasına yönəldilən hallar da aid ediləcək.
Məcəllədə cəza nəzərdə tutulan təxribat törədilməsi üsulları da artırılıb, belə ki, yuxarıda sadalanan hərəkətləri süni intellektdən və xüsusi proqram təminatlarından istifadə etməklə törətmək də cinayət sayılacaq. Təxribata görə cəzalar sabit qalsa da, ağırlaşdırıcı halların siyahısı genişlənib.
Belə ki, bu hərəkətlərə yol verənlərin cəzası 8-15 ilədək həbs olaraq qalıb. Ağırlaşdırıcı halların siyahısına isə yeni hallar əlavə edilib.
Belə ki, indiyədək olan qaydaya görə, eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə 12-20 il həbs cəzası nəzərdə tutulurdu. İndi isə (mütəşəkkil dəstə variantı qalmaqla) eyni əməli fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törətdikdə, eyni zamanda bu əməli şəxs öz qulluq mövqeyindən istifadə etməklə törətdikdə, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda yenə də 12-20 il müddətində həbs nəzərdə tutulur.
Əvəzində bu maddəyə yüngülləşdirici məqam əlavə edilib. Məcəllənin həmin maddəsinə əlavə edilmiş qeydə əsasən, 282-ci maddəsi ilə nəzərdə tutulan əməlin hazırlanmasında iştirak etmiş şəxs əgər hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım edibsə, onun əməlində başqa cinayətin tərkibi olmadıqda, həmin şəxs cinayət məsuliyyətindən azad edilir.


























