image-ae3fa70a-3108-4397-9e7a-9e99669b8305backend

Azərbaycanın hərbi gücü artır

image-reklam_sirab_01

Əsası ulu öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasında qoyulan həmrəylik və ordu quruculuğu siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir. Birlik və həmrəylik ölkəmizin davamlı inkişafını təmin etməklə yanaşı, həm də ordumuzun qüdrətini artırır. Bunun nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində tarixi qələbə qazandı. Naxçıvan Muxtar Respublikasında xalqımızın milli birliyinin rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əsgərlərlə görüşlərin keçirilməsi, sovqatların aparılması da dövlət-ordu-xalq birliyinin daha bir nümunəsi kimi mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının siyasi-iqtisadi inkişaf kontekstində ordu quruculuğunun təkmilləşdirilməsi də hər zaman prioritet vəzifələrdən biri olub. Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, maliyyə imkanlarının genişlənməsi ordu quruculuğu ilə bağlı qarşıya qoyulan hədəfləri reallaşdırmağa imkan verib. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 10 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Azərbaycan ordusunun arsenalında ən müasir silahlar – PUA-lar, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar yer alıb. Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu və peşəkarlığı mühüm amillərdəndir. Uzun illər ərzində Azərbaycan ordusunda döyüş qabiliyyətinin artırılması istiqamətində işlər aparılmış, şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi daim diqqət mərkəzində olmuşdur. Hazırda Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır.
Dünya təcrübəsi də göstərir ki, səriştəli, qətiyyətli və mübariz komandan olmadan müharibədən qalib çıxmaq mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsi dövründəki fəaliyyəti məhz belə keyfiyyətlərə malik olduğunu nümayiş etdirdi. Məqsədyönlü təmkin, hər addımın hesablanması, qüvvələrin düzgün bölüşdürülməsi, bütün xidmət sahələrinin dəqiqliklə uzlaşdırılması, döyüşlərin və hərbi qüvvələrin idarəedilməsinin çevikliyi, dövlətin və xalqın potensialının döyüşən cəbhə ilə düzgün əlaqələndirilməsi Tarixi Zəfər üçün zəmin yaratdı. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanın­da müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mü­barizlik, müdriklik rəmzinə çevrildi.
Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən Türkiyə istehsalı olan “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib.

Azərbaycan ordusunun silahlanmasında yer alan, düşmənin texnikası və canlı qüvvəsini darmadağın edən “Bayraktar TB2”, “HAROP”, “İtiqovan”, “Zərbə”, “Orbiter” PUA-ları real döyüş şəraitində özünü doğrultmuş yüksək texnologiyaya malik müasir silahlardır.

Təkcə “Bayraktar TB2” dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm də artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub.

Döyüş əməliyyatlarında Müdafiə Nazirliyinin şəxsi heyəti ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Xarici Kəşfiyyat Xidmətinin bölmələri, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələri də iştirak ediblər.
Müstəqil Azərbaycan dövlətinin əbədiliyi ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin, xalqımızın bu günü və gələcəyi naminə göstərdiyi misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndərimiz ordu quruculuğuna xüsusi diqqət yetirmiş, onun müdrikliyi və uzaqgörənliyi sayəsində Silahlı Qüvvələrin müasir texnika və silahlarla təchiz olunması, ordunun zabit kadrları ilə komplektləşdirilməsi, hərbi hisələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin ulu öndərimizin siyasətini uğurla davam etdirməsinin bəhrələridir.
Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya göstərən Azərbaycan ordusu şanlı zəfər tarixi yazdı. Böyük qürurla və iftixar hissi ilə bildirmək istəyirəm ki, Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri də Qarabağda gedən hərbi əməliyyatlarda böyük şücaət göstərmiş, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş, qazi olmuşlar.

Quliyev Məhəmməd
Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki