Azərbaycanlı xalqı qurub-yaradan xalqdır
Prezident İlham Əliyev 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü işğaldan azad edilmiş torpaqlarımızda qeyd etdi, tarixi Zəfərimizi şərtləndirən amilləri, postmünaqişə dövrünün reallıqlarını bu məkanlardan bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı.
Dövlətimizin başçısı İlham Əliyevin iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri, bu zaman Böyük Qayıdışa xidmət edən biri-birindən əhəmiyyətli infrastruktur və sosial obyektlərin təməlqoyma və açılış mərasimində iştirakı diqqəti xüsusilə cəlb edir. Ölkə Prezidenti Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış oldu. Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak etdi. Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kilovoltluq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış oldu. Dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edildi. Prezident İlham Əliyev, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Ordu Gününü Kəlbəcərdə qeyd etməklə biz hamımız qürur hissi keçiririk. Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilib. İndiyə isə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açılması göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir. Ali Baş Komandanın da vurğuladığı kimi “6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdi”.
Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün ötən il istismara verilən “Kəlbəcər” yarımstansiyasından Laçının Qorçu kəndinə 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürücü xətt çəkilir. Yeni yarımstansiya Laçın hava limanını, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə bölgədə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək. Ölkə başçısı burada aparılan işlərlə də tanış olub.
Laçın rayonuna gediş-gəlişi asanlaşdırmaq üçün çətin relyefdə yaradılan hava limanının tikintisi ilə də tanış olan cənab Prezident İlham Əliyev bildirmişdir: “Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür – infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik.”
Aysel Mənsimova – politoloq