XIII Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən Forum dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma rolunu oynayır.
Prezident İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Eyni zamanda, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Təbii ki, bu amil ölkəmizə beynəlxalq birliyin inam və etimadının göstəricisidir. Ölkəmizdə XIII Qlobal Bakı Forumunun keçirilməsi də Azərbaycanın qlobal problemlərin müzakirə olunduğu mərkəz kimi statusunu gücləndirir. Məlumdur ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin dediyi kimi, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir.
XIII Qlobal Bakı Forumu da dünya ictimaiyyətini düşündürən çox aktual mövzuya həsr olunub. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda həsr olunmuş Forumda çıxış edən dünyanın nüfuzlu ictimai-siyasi xadimləri çıxış edərək problemlərdən çıxış yolları üçün öz fikir və təkliflərini bölüşürlər. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada, o cümlədən regionumuzda baş verən proseslər haqqında fikirlərini ifadə edib. Dövlətimizin başçısıının dediyi kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir. Dövlətimizin başçısı bildirib ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu təşkilatın böyük rolu var.
Forumdakı çıxışında ölkə rəhbəri qeyd edib ki, bu forumun gündəliyi genişdir, bir çox məsələləri əhatə edir. Əminəm ki, müzakirələr zamanı diqqət məhz bizim regionumuzda, dünyadakı vəziyyətə yönələcəkdir. Dövlətimizin başçısı deyib ki, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu, olmadan bütün başqa səylər mənasızdır.
Ölkə başçısının çıxışında təklükəsizlik məsələlərinə xüsusi toxunularaq qeyd edilib ki, təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman birmənalı olaraq bir nömrəli məsələ olub. Suverenliyimiz, ərazi bütövlüyümüzün bərpasının gündəliyimizin əsas yerində dayandığını söyləyən dövlətimizin başçısı qeyd edib: “Hazırda cəmi 7 aydır ki, biz sülh şəraitində yaşayırıq. Bu, bir daha onu göstərir ki, güclü siyasi iradə var, sülh və ədalət sahəsində bir sadiqlik var”.
Sülh şəraitində yaşamaq, ümumiyyətlə, qlobal səviyyədə unikal bir təcrübə olduğunu bildiriən cənab Prezident qeyd edib ki, milyonlarla insan etnik təmizləməyə məruz qalır. 30 il ərzində ərazimizin 20 faizi işğal altında oldu. “Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik”, – deyən dövlətimizin başçısı əlavə edib ki, münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq iştirakçıların selektiv yanaşmasının şahidiyik.
Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir.
Bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir. Təbii ki, belə bir şəraitdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı forumları xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı


























