image-reklam-veteninfo
image-eziz-elekberli-jpgbackend

Bakı Zirvəsindən dünyaya mesaj: Yeni strateji dövrün Xartiyası

image-reklam-veteninfo

 

 

Əziz Ələkbərli,

Milli Məclisin deputatı,

Qərbi Azərbaycan İcması

İdarə Heyətinin sədri

 

10 fevral 2026-cı il tarixində Bakıda baş tutan dövlət səviyyəli görüş Azərbaycan diplomatiyasının cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gəldiyi ən uca nöqtələrdən birini nümayiş etdirdi. ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi səfəri və imzalanan tarixi sənədlər, ölkəmizin artıq qlobal siyasətin oyunçusu deyil, onun memarlarından biri olduğunu bir daha təsdiqlədi.

Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün imzalanan “Strateji Tərəfdaşlıq haqqında Xartiya” təsadüfi bir sənəd deyil. Bu, altı ay öncə Vaşinqtonda Prezident Trampla aparılan gərgin müzakirələrin və yaradılmış işçi qruplarının əməyinin bəhrəsidir. Dövlət başçımız açıq şəkildə bəyan etdi ki, Azərbaycan üçün dünyanın ən qüdrətli ölkəsi olan ABŞ ilə strateji tərəfdaşlıq böyük şərəfdir. Lakin bu şərəf bərabərhüquqlu və qarşılıqlı hörmətə söykənən bir ittifaqın nəticəsidir. Bu, İlham Əliyevin uzaqgörən siyasətinin — Azərbaycanı dünya nəhəngləri ilə eyni masa arxasında oturtmaq gücünün təzahürüdür.

Bəyanatın ən mühüm və bəşəri hissəsi regiondakı sülh reallığı ilə bağlı idi. Prezident qeyd etdi ki, ötən avqustda Ağ Evdə sülh sazişinin paraflanması ilə bölgədə qanlı münaqişələr tarixin tozlu rəflərinə gömüldü. Cənab Prezidentin “Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik” fikri, əslində bütün Cənubi Qafqazın yeni yaşam düsturudur. Azərbaycanın qalib tərəf olmasına rəğmən, Ermənistana yük tranzitini açması və hətta neft məhsulları tədarük etməsi, İlham Əliyevin yalnız Azərbaycanın deyil, bütöv bir regionun rifahını düşünən “Böyük Sülh” strategiyasının isbatıdır.

Dövlət başçısı bəyanatında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) strateji əhəmiyyətinə xüsusi toxundu. Bu layihə sadəcə yolların birləşməsi deyil, həm də Azərbaycanın parçalanmış coğrafiyasının iqtisadi və mənəvi bütövləşməsidir. Ermənistan və digər qonşuların ərazisindən keçərək Asiyanı Avropaya bağlayacaq bu dəhliz, Azərbaycanı qlobal logistikanın “ürəyinə” çevirir. Cənab Prezident bu layihə ilə sübut etdi ki, Azərbaycan sülhün yalnız tərəfdarı deyil, həm də onun iqtisadi zəmanətçisidir.

Bəyanatda toxunulan digər mühüm məqam Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi misilsiz töhfədir. 16 ölkənin, o cümlədən 11 NATO üzvünün enerji təhlükəsizliyini təmin edən Bakı, bu gün Qərbin ən etibarlı limanıdır. Lakin cənab  İlham Əliyevin vizyonu bununla bitmir. Müdafiə sənayesində açılan yeni səhifə, antiterror əməliyyatlarında birgə fəaliyyət və ən əsası, süni intellekt sahəsində Amerika şirkətləri ilə qurulan əməkdaşlıq Azərbaycanın “texnoloji sıçrayış” dövrünün müjdəçisidir.

Vitse-prezident Vensin bəyanatı isə Azərbaycan xalqına və onun rəhbərinə olan böyük ehtiramın ifadəsi idi. Onun Azərbaycan əsgərini “dünyanın ən mübariz və cəsarətli qoşunlarından biri” adlandırması ordumuzun qəhrəmanlığına verilən qlobal qiymətdir. Vens etiraf etdi ki, sülhün memarı üç liderdir və bunların başında məhz cənab İlham Əliyevin iradəsi dayanır: “Bu ölkənin Prezidenti, Ermənistanın Baş naziri və əlbəttə, ABŞ Prezidenti birgə işləyərək, əvvəllər müharibə olmuş məkanda sülh yaratdılar.”

Bu tarixi bəyanatlar bir daha göstərdi ki, Azərbaycanın yürütdüyü müstəqil siyasət, milli maraqlara sadiqlik və hərbi-siyasi qüdrət ölkəmizi dünyanın ən nüfuzlu dövlətləri ilə bir sırada möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm də diplomatiya masasında qazandığı Zəfəri əbədi və sarsılmaz edib.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki