image-555555backend

Bakılı ekstrasens terrorçunu necə zərərsizləşdirdi? 

image-reklam_sirab_01

1980-ci illərin ortalarından SSRİ-də yenidənqurma və aşkarlıq siyasəti yürüdüldü. Əvvəllər qadağan olunan bir çox şeylərə indi icazə verilirdi. Hələ qüvvədə olan bəzi qadağalar və məhdudiyyətlərdən biri də xarici səfərlərə qoyulan məhdudiyyət idi.

SSRİ-də sovet hökumətinin ilk illərindən “çıxış vizası” tətbiq olunurdu – ölkədən çıxmaq üçün icazə almaq lazım idi. Buna nail olmaq isə asan məsələ deyildi. Müxtəlif orqanlar razılıq verməli idilər, onlar da verdikləri razılığa görə məsuliyyət daşıyırdılar. Əgər xaricə getməsinə razılıq verdikləri adam “lənətə gəlmiş kapitalizmdə” qalardısa, bunun cəzası ağır ola bilərdi. Aydındır ki, kimsə risk edib başını ağrıtmaq istəmirdi, ən etibarlısı razılıq verməmək idi.

1967-ci ildə Stalinin qızı Svetlana Alliluyeva vətəndaş nikahında yaşadığı Braceş Sinqhi dəfn etmək üçün Hindistana getdi və buradakı ABŞ səfirliyindən sığınacaq istədi. Hadisə SSRİ üçün böyük qalmaqal idi. 30 il ölkəyə rəhbərlik etmiş adamın qızı burada yaşamaq istəmirdi, üstəlik də hər hansı başqa ölkəyə deyil, əsas düşmənə sığınmışdı. Sovet rəhbəri Leonid Brejnev KQB sədri Vladimir Semiçastnını vəzifədən azad edib, yerinə daha çox etibar etdiyi Yuri Andropovu təyin etmək üçün bu hadisədən yararlandı.

Yenidənqurma illərində xaricə çıxış azadlığı başqa azadlıqlarla müqayisədə daha ləng inkişaf edirdi. Amma burada da müəyyən irəliləyişlər vardı. Məsələn, 1988-ci ildən etibarən idmançılara xarici klublarda oynamaq hüququ verildi. Sənət adamlarının, bəzi başqa ixtisas sahiblərinin xaricdə işləməsi halları artdı. SSRİ dağılmasaydı belə, bir gün çıxış vizası məhdudiyyətinin tam aradan qalxacağını anlamaq çətin deyildi (1991-ci ilin mayında ləğv olundu).

Buna baxmayaraq, SSRİ-nin son illərində təyyarə qaçırmaq cəhdləri yenə də davam edir. Məsələn, 1988-ci ildə Oveçkinlər ailəsinin üzvlərindən ibarət “Yeddi Simeon” caz qrupu təyyarəyə odlu silahlar keçirərək, qaçırmağa cəhd göstərdilər. Cəhd ailənin 11 üzvündən beşinin (və başqa 4 nəfərin) həlak olması ilə nəticələndi. Halbuki bir neçə ildən sonra onlar tamamilə sərbəst şəkildə ölkəni tərk edə bilərdilər.

Bu məqaləmizin mövzusu isə 1989-cu ildə Bakı hava limanında baş verən, amma xoşbəxtlikdən ölümsüz, qansız yekunlaşan cəhd haqqındadır. Müəyyən cəhətlərinə görə bu hadisənin bənzəri yoxdur.

***

1989-cu il martın 30-da axşam saatlarında Binə hava limanına Voronej-Həştərxan-Bakı reysi ilə uçan Tu-134 təyyarəsi eniş etdi. Bu zaman sərnişinlərdən biri (sonralar onun Stanislav Skok adlı birisi olduğu müəyyən edildi. Skok işlədiyi idarənin vəsaitini mənimsəməkdə şübhəli bilinirdi) təyyarəni ələ keçirməyə cəhd etdi.

O bildirirdi ki, təyyarənin baqaj hissəsində olan çantasında partlayıcı maddə var və əgər o, saatına yerləşdirilmiş düymədən əlini 5-6 saniyə çəkərsə, partlayış baş verəcək. Bundan əlavə, sərnişinlər arasında iki yoldaşının olduğunu deyirdi. O, səhər saat 8-ə qədər 500 min dollar, 500 min alman markası və Pakistana uçuş tələb edirdi.

Hadisə barədə Azərbaycan KQB-nin sədri İvan Qorelovskiyə məlumat verildi. Bir neçə saatdan sonra Moskvadan ittifaq KQB-nin nəzdindəki xüsusi təyinatlı “Alfa” qrupu gəldi. Qrupa Sovet İttifaqı Qəhrəmanı Viktor Karpuxin rəhbərlik edirdi.

SSRİ-nin son illərində terror hadisələrini əvvəllər olduğu kimi gizlətmək mümkün deyildi. Müəyyən həddə aşkarlıq və mətbuat azadlığı vardı. Buna görə də əməliyyatın qüsursuz keçməsinə böyük önəm verilirdi. Bir il öncə Oveçkin ailəsi ilə bağlı hadisə zamanı məhz fərasətsiz antiterror əməliyyatı üzündən 9 nəfər həlak olmuş, təyyarə isə tamamilə yanmışdı (əməliyyatı “Alfa” deyil, adi milis qüvvələri həyata keçirmişdi).

Uğurlu antiterror əməliyyatının əsas şərtlərindən biri üzləşdiyin problem haqqında maksimum informasiyaya malik olmaqdır, xüsusən də terrorçuların sayı, malik olduqları silah barədə. İndi Binə hava limanına yığışan qüvvələr təyyarədə Skokun həqiqətən bombasının və ortaqlarının olub-olmamasını müəyyənləşdirmək istəyirdilər.

Terrorçunun xəbəri olmadan təyyarənin bütün baqajı boşaldıldı və minaaxtaranlar tərəfindən yoxlanıldı. Heç bir çantada partlayıcı tapılmadı. Təyyarənin salonuna xüsusi dinləmə qurğuları da yerləşdirildi. Əldə olunan məlumata görə, terrorçu tez-tez ağzını pencəyinə tərəf tutur, ratsiya ilə danışırmış kimi sözlər deyir, kiməsə göstərişlər verirdi. Amma həmin iki nəfəri müəyyənləşdirmək cəhdləri fayda vermədi.

Baqajda bombanın tapılmaması yaxşı xəbər olsa da, onun başqa yerdə, eləcə də, Skokun çiynindən asılan çantada olmasını istisna etmirdi. Terrorçu özü isə saatındakı düymə barədə dediyini təsdiq edirmiş kimi əlini saatından çəkmirdi. Hər hansı xoşagəlməz təsadüfi istisna etmək lazım idi.

Bu zaman kiminsə ağlına Bakıda yaşayan məşhur ekstrasens Tofiq Dadaşovu əməliyyata cəlb etmək gəldi. Bu zaman onun qarşısına iki məqsəd qoyuldu: belə vəziyyətlərdə ənənəvi taktika olan vaxtı uzatmaq və terrorçunun bombasının, həm də cinayət ortaqlarının olub-olmamasını müəyyənləşdirmək.

Təxminən 07:30-da hava limanına gətirilən Dadaşova müəyyən təlimatlar verildi. O, terrorçuya bildirməli idi ki, Azərbaycanda bu qədər xarici valyuta yoxdur, Moskvadan gətirirlər. Bunun üçün isə saat 11-ə kimi gözləmək lazımdır. Söhbət zamanı ekstrasens həm də özünün xüsusi bacarıqlarından istifadə edərək, bomba və ortaq məsələsini aydınlaşdırmalı idi.

Ələ keçirilən Tu-134 təhlükəsizlik məqsədilə hava limanının uzaq küncündə saxlanılırdı. Tofiq Dadaşovu təyyarənin yanın KQB podpolkovniki Aleksandr Kuryanov xidməti maşınında apardı. Trapa yaxınlaşan Dadaşov elə aşağıdan Skokla danışmağa başlayır (terrorçu onun yuxarı qalxmasının əleyhinə idi).

Özünü Azərbaycan XİN əməkdaşı kimi qələmə verən ekstrasens pullarla bağlı ona deyilən sözləri təkrar edir. Terrorçu gözləməyə razılıq verir. Təxminən iki dəqiqə çəkən ünsiyyətdən sonra Dadaşov Kuryanovun yanına qayıdır və deyir: “Onun nə bombası var, nə də yoldaşı. Get, həbs elə. Buna görə orden alarsan”. Təklif cəlbedici olsa da, antiterror əməliyyatı zamanı belə özfəaliyyət yolverilməzdir. Kuryanov Dadaşovla birlikdə əməliyyata rəhbərlik edən qərargaha qayıdırlar.

Burada ekstrasens gəldiyi nəticəni bölüşür. Alfa komandiri Karpuxin yenə də partlayış ehtimalını minimallaşdırmaq istəyir. Bu zaman Dadaşov təklif edir ki, təyyarədə adi sərnişin kimi oturan iki KQB əməkdaşı Skokla söhbətə başlasınlar və Ermənistanda baş verən zəlzələ üzündən SSRİ-nin maliyyəyə ehtiyacı olduğunu desinlər. Onun fikrincə, bu sözlər terrorçunu xəcalət çəkməyə sövq edəcək və o, siqaret yandıracaq. Bu zaman qollarından tutaraq təyyarədən çölə itələmək lazımdır. Əgər bomba çiynindəki çantadadırsa, partlayış çöldə baş verəcək.

Təklif qəbul olunur və radioəlaqə vasitəsilə heyətə ötürülür, heyət üzvləri də KQB əməkdaşlarına çatdırırlar. Hər şey Tofiq Dadaşovun dediyi kimi olur. SSRİ-də çox az adamda alışqan vardı, əksəriyyət kibritdən istifadə edirdi. Onu yandırmaq üçün isə hər iki əldən istifadə etmək lazım gəlirdi. Skok da siqaretini yandırmaq istəyəndə KQB əməkdaşları tərəfində qolları burulur və təyyarədən çölə itələnir. Heç bir partlayış baş vermir.

Hazır vəziyyətdə duran Alfa döyüşçüləri isə terrorçunun mümkün yoldaşlarını zərərsizləşdirmək üçün arxadan salona daxil olurlar. Amma məlum olur ki, heç bir yoldaş yoxdur və kimsə qanuna zidd əməl törətməyə hazırlaşmır. Bununla da əməliyyat bir güllə belə atılmadan başa çatır.

Terrorçunu zərərsizləşdirən KQB əməkdaşları “Qırmızı Ulduz” ordeni ilə, Tofiq Dadaşov da daxil olmaqla digərləri Fəxri fərmanla mükafatlandırılırlar. Stanislav Skok 8 il müddətinə azadlıqdan məhrum edilir. Amma cəmi bir il sonra həbs düşərgəsinin içində metal tullantıları yüklənmiş qatara minərək qaça bilir. Beş il saxta sənədlərlə yaşayır, 1994-cü ildə isə yenidən tutularaq, 9 il həbs cəzası alır.

Yadigar Sadıqlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki