Təhsil Nazirliyi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na bir sıra sahələrin, o cümlədən hüquq, jurnalistika, incəsənət və s. aid ixtisasların salınmamasının səbəbini açıqlayıb.
Veteninfo xəbər verir ki, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib ki, hər bir Dövlət Proqramı ərsəyə gələn zaman ölkə iqtisadiyyatının tələbatına uyğun müvafiq qurumların qeydləri əsasında milli prioritet istiqamətləri hazırlanır:
“Bu, əvvəlki Dövlət Proqramlarında da görülüb. Hazırki proqramda formalaşmış 15 prioritet ixtisas var, dövlətin təqaüdü hesabına bu sahələr üzrə təhsil almaq mümkündür. Təəssüf ki, hər bir istəyi ortaya gətirən vahid çərçivə olmur. Bunu digər resurslar hesabına həyata keçirmək mümkündür. Bir sıra ixtisaslar üzrə başqa bir neçə hökumətlərarası təqaüd çərçivəsində təhsil almaq imkanı var. Məsələn, jurnalistika ixtisası üzrə doktorantura, həm də bakalavr və magistr səviyyəsi üzrə Türkiyə və Çində təhsil almaq imkanı yaradılır” – o qeyd edib.