image-c10fa7ef-83c7-438f-b798-1a03c31cde29backend

Biz bu gün qalib xalqıq

image-reklam_sirab_01

Biz bu gün qalib xalqıq.

Düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. Vətən müharibəsinin ilk günlərindən taktiki üstünlüyü ələ alan Azərbaycan Ordusunun qəlbi vətən eşqi ilə döyünən şəxsi heyəti hər gün yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etməklə daha bir uğura, yeni qələbəyə imza atmaqla növbəti günlərdə düşmən üzərində tam üstünlüyə nail oldu. Bununla da şanlı Ordumuz Zəfər Gününün sevincini yaşamağı və haqq-ədalətin bərpasını bizlərə nəsib etdi. Bacarıqlı, təcrübəli komandanlıq altında idarə edilən döyüşlərə atılan cəsur hərbçilərimiz düşmənin illərlə hazırladığı eşelonlaşdırılmış müdafiə xəttini qısa müddətdə yararaq irəliləməyə başladı. Döyüş meydanından vahimə içində qaçan düşmənin yüzlərlə müxtəlif döyüş texnikası, silah-sursatı məhv edildi və qənimət kimi ələ keçirildi. Həm canlı qüvvə, həm də döyüş texnikası tərəfdən böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Azərbaycan Ordusunun ən yüksək texnologiyalara məxsus hərbi texnikalarla silahlanması və ölkəmizin də inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olması zamanın reallığıdır. Eyni zamanda, son illər ərzində ordunun texniki təchizatında da genişmiqyaslı dəyişikliklər baş verib, ən müasir silah sistemləri alınaraq silahlanmaya qəbul edilib. Artıq heç kimə sirr deyil ki, Azərbaycan Ordusu həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Son illərdə isə ordu quruculuğunda əhəmiyyətli islahatlar həyata keçirilib, bu məsələ ilə bağlı dövlət başçısı tərəfindən taleyüklü addımlar atılıb ki, bunun da müsbət nəticələrini 44 günlük Vətən müharibəsində real şəraitdə gördük, şahid olduq. Hamıya məlumdur ki, bütün bu sadaladıqlarımız güclü iqtisadiyyat, dayanıqlı inkişaf və böyük maliyyə resursları olmadan təsəvvür edilə və həyata keçirilə bilməz.

Ancaq bu da danılmaz faktdır ki, Ordu nə qədər güclü, müasir, dəqiq və böyük dağıdıcı gücə malik silahlarla silahlansa da döyüş meydanında son sözü deyən yenə də insan faktoru, döyüşə atılan insanların Vətən sevgisi və inandığı amal uğrunda gözünü qırpmadan canından keçməyə hazır olmasıdır. Bu mənada Vətən müharibəsində Zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsidir. Sözün həqiqi mənasında döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına bu qələbənin əldə olunmasını təmin etməsi hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu.

Bütün dünya isə dar gündə, çətin anda dünyanın harasında olmasından asılı olmayaraq hər bir azərbaycanlının həmrəyliyinə, mənfur düşmənə qarşı vuruşmaqda əzmkar, qəhrəman olmağı bacaran, ümumi amal və mənafe naminə öz şəxsi mənafeyini, canını, malını qurban verməyi bacaran, eyni zamanda, ölkəmizin azadlığı, ərazi bütövlüyü naminə siyasi ambisiyaları bir kənara qoyaraq dəmir bir yumruq olaraq dövlət başçısının ətrafında birləşməyi bacaran bir Xalq olduğuna bir daha əmin oldu.

Xalq, Prezident və Ordu birliyi Vətən müharibəsində həlledici rol oynadığından bu amil də daim hörmət və ehtiramla yada salınmalı, anılmalı, xatırlanmalıdır. Ordumuza böyük məbləğdə yardım göstərənlərdən tutmuş, təqaüdünü Orduya yardım fonduna keçirən ağsaqqal, malından keçən iş adamları, sadə insanlar, əsgərə pulsuz siqaret verən satıcı, şəhidin portretini pul almadan ailəsinə çatdıran taksi sürücüsü, yardım kompaniyaları təşkil edən, şəxsi vəsaiti hesabına bazarlıq edərək əsgərlərin görüşünə gedən ayrı-ayrı şəxslər, firmalar, şirkətlər, xaricdə yaşayan azərbaycanlılar, ordumuza maddi və mənəvi dəstək olan qardaş ölkələrin vətəndaşları, hətta sosial şəbəkələrdə Azərbaycan xalqının haqq işinə sözü, yazısı ilə dəstək verənlər də minnətdarlıq hissi ilə xatırlanmalıdır.

Bakı Slavyan Universiteti

Allahverdiyeva Əfsanə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki