image-reklam-veteninfo
image-1backend

Bloomberg: Türkiyədə plastik tullantıların həcmi artır

image-reklam-veteninfo

ABŞ-ın “Bloomberg” agentliyi Antalyada keçiriləcək COP31 iqlim sammiti ərəfəsində Türkiyədə plastik tullantıların idarə olunması və ətraf mühitə təsiri ilə bağlı problemlərə diqqət çəkib.

Agentliyin araşdırmasına görə, Türkiyə Avropa İttifaqı (Aİ) və Böyük Britaniyadan plastik tullantıların əsas idxalçılarından biridir. 2025-ci ildə ölkəyə təxminən 650 min ton plastik tullantı gətirilib. Bu həcm digər ölkələrə ixrac edilən plastik tullantıların miqdarını üstələyib.

Araşdırmada Adana bölgəsində plastik tullantıların təkrar emalı müəssisələrinin ətrafında mikroplastik çirklənmə probleminin qeydə alındığı bildirilir. Tullantıların kanallar vasitəsilə Aralıq dənizinə çatması da ekoloji narahatlıq doğuran məsələlər sırasında göstərilir.

2024-cü ildə aparılan araşdırmaya əsasən, Aralıq dənizinə gündəlik daxil olan 730 ton plastik tullantının 19,1 faizi Türkiyənin payına düşür. Bu göstəriciyə görə, Türkiyə region ölkələri arasında Misirdən sonra ikinci yerdə qərarlaşıb.

Avropa Komissiyası Türkiyədə plastik tullantılarla bağlı ekoloji problemlərin mövcudluğunu qəbul etsə də, ölkəyə tullantı ixracı davam edir.

Bununla yanaşı, Avropa İttifaqı qurum xaricindəki ölkələrə tullantı ixracının qadağan edilməsini nəzərdə tutan tədbirlər planlaşdırır. Lakin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvü olan Türkiyənin bu qadağadan istisna edilə biləcəyi bildirilir.

Agentliyin materialında qeyd olunur ki, mövcud vəziyyət Türkiyəyə idxal edilən plastik tullantıların həcminin gələcəkdə daha da artması riskini yarada bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki