Fevralın 28-də Bakı Slavyan Universitetinin (BSU) Karyera Xidməti Şöbəsinin təşkilatçılığı ilə “Ədəbiyyatda Yeni Era” adlı ixtisasyönümlü tədbir keçirilib. Tədbirin qonaq spikeri “Milli bestseller” siyahısında yer alan “Məktubdakı qadın” əsərinin müəllifi, tanınmış yazıçı Mürşüd Mehdi olub.
Tələbələr arasında aparılan sorğunun nəticələrinə əsasən təşkil olunan tədbirin əsas məqsədi müasir ədəbiyyatın inkişaf meyillərini müzakirə etmək, tələbələrin ədəbi proseslər barədə məlumatlılığını artırmaq və yazıçı ilə interaktiv dialoq yaratmaqdır. Mürşüd Mehdi tədbir çərçivəsində öz yaradıcılığı, müasir yazıçılar üçün qarşıya çıxan çətinliklər, ədəbi bazarın tələbləri və oxucu maraqları barədə dəyərli fikirlərini bölüşüb. Görüş zamanı tələbələrin ünvanladığı suallar əsasında ədəbi əsərlərin bestseller olması üçün əsas meyarlar, gənc yazarların tanınma yolları və müasir ədəbi proseslərdə müşahidə olunan yeniliklər müzakirə edilib. Yazıçı, həmçinin, uğurlu ədəbi fəaliyyət üçün gərəkli olan bacarıqlar barədə tövsiyələrini verib.
Tədbirin sonunda yazıçı Mürşüd Mehdi imza sessiyası keçirib və iştirakçılar onun kitablarını müəllif imzası ilə əldə ediblər.