Mayın 29-da Cəlilabadda respublikamızda ilk dəfə olaraq möhtəşəm Çiyələk festivalı təntənəsi yaşanıb.
Veteninfo.az xəbər verir ki, festival Cəlilabad Rayon İcra Hakimiyyətinin “Azəri Home Chef” komandası və turizmin və milli mətbəxin inkişafına dəstək verən QHT-lərin birgə təşkilatçılığı ilə baş tutub.
Çiyələk festivalında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları iştirak ediblər.
Əvvəlcə qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri düzüblər.
Festivalın açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edib. Çiyələk festivalının iştirakçılarına çiyələyin istehsalı və qazanılan uğurlar barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan MDB ölkələri arasında dünyanın ən dadlı və məşhur giləmeyvəsinə həsr olunmuş tədbirin keçirildiyi ikinci ölkədir, çoxlarının sevimli giləmeyvələrindən birinin ən böyük plantasiyaları Cəlilabad rayonunda yerləşir. Respublikada ilk dəfədir təşkil edilən bu məhsul bayramı Cəlilabadda meyvəçiliyin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan çiyələk bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Qeyd olunub ki, 2021-ci ildə rayonda 490 hektar sahədən 12440 ton çiyələk istehsal edilmiş, məhsulun 4018 tonu ixrac olunmuş və ixrac olunmuş məhsuldan dövlətə 7144000 ABŞ dolları dəyərində vəsait daxil olmuşdur. Bu il Cəlilabadda bol məhsul yetişdirilib. İlkin hesablamalara görə cari ildə 607 hektar çiyələk sahəsindən istehsal olunmuş məhsulun 5000 tonunun ixrac olunması nəzərdə tutulmuşdur. Ümumilikdə çiyələk istehsalının 20000 tona çatdırılması planlaşdırılmışdır.
Çiyələyin gəlirli sahə olduğunu görən mülkiyyətçilər onun daha məhsuldar və keyfiyyətli sortlarının gətirilməsinə nail olmuş, becərilməsi və yetişdirilməsi texnologiyasına yiyələnmişlər. Hazırda məhsuldar çiyələk sortlarının yetişdirilməsi, yeni plantasiyaların salınması istiqamətində tədbirlər görülür. Sahələrdə əsasən “Murano”, “Monterey”, “Albion”, “Sanandres”, “Sabrina” və “Kleri” sortları əkilir.
Fermerlər təsərrüfat adamlarına yaradılan geniş imkanlardan razılıqlarını bildir, bu cür tədbirləri onlara olan diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirirlər. Dövlət tərəfindən sahibkarlara göstərilən diqqət və qayığının nəticəsidir ki, onlar yeni iş yerləri açır və xeyli sayda insan həmin təsərrüfatlarda çalışır. Sahibkarlar yaradılan şəraitə, göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Festivalda rayonda istehsal və ixrac edilən çiyələk sortları nümayiş etdirilib. Eyni zamanda tədbirdə kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və regionun tanınmış restoranları ilə tanışlıq, yerli yeməklərin dadına baxma, əyləncə proqramı, müharibə veteranları ilə görüş, aşbazların ustad dərsləri və ənənə halına çevrilən çiyələk məhsulları təqdim olunmuşdur.
Qonaqlar sərgi masalarına yaxınlaşaraq çiyələkdən hazırlanan məhsulların, həmçinin milli mətbəximizin bənzərsiz nümunələrinin dadına baxıblar. Festivalda çiyələyə həsr olunan şeir və mahnılar səsləndirilib, müsabiqələr keçirilib, rayon mədəniyyət şöbəsinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, incəsənət, poeziya həvəskarları və idmançılar çıxış etmişlər. Kitab sərgisi, nümayiş etdirilən əl işləri, qədim sənət nümunələri maraqla izlənilib, idmançıların, rəqs və musiqi qruplarının bir-birini əvəz edən çıxışları alqışlarla qarşılanıb.
Festivalda tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib.