28 mart 1966-cı il, Türkiyə Cümhuriyyətinin dördüncü prezidenti Cemal Gürselin (solda) səhhəti səbəbindən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir. Keçmiş Baş qərargah rəisi və kontenjan senatoru Cevdet Sunay (sağda) TBMM tərəfindən beşinci prezident seçilir.
Cemal Gürsel 1895-ci ildə doğulub. Ağayana davranışına görə uşaqlıqdan “Cemal ağa” ləqəbini qazanır. Orta məktəbdən sonra Artilleriya məktəbində təhsil alır. Təhsilini bitirməmiş Birinci dünya müharibəsi başladı və orduya getdi. Çanaqqala və Yaxın Şərq cəbhələrində döyüşdü. 1918-ci ilin sentyabrında ingilislərə əsir düşdü. 1920-ci ildə azad olan kimi Qurtuluş savaşına qatıldı və bütün önəmli döyüşlərdə iştirak etdi.
Hərbi əməliyyatlardan sonra təhsilini davam etdirdi, hərbi akademiyanı bitirdi. 1946-cı ildə tuğgeneral oldu. 1958-ci ildə orgeneral rütbəsində Quru qoşunlarının komandanı oldu. Həm peşəkarlığı, həm insani keyfiyyətlərinə görə təkcə Türkiyə ordusunda deyil, NATO çevrələrində də böyük nüfuz qazandı.
Cemal Gürsel 1960-cı ilin mayın əvvəlində Bayar-Menderes hökumətinə ünvanladığı məşhur məktubdan sonra təqaüd yaşı çatana qədər ezamiyyətə göndərildi. Mayın 27-də Türkiyədə hərbi çeriliş baş verdi. Qəsdçilərin əksəriyyətini albay və yarbaylar təşkil etdiyindən daha yüksək rütbəli hərbçiyə ehtiyac duyurdular. Buna görə də Cemal ağaya müraciət etdilər. General əvvəl imtina etsə də, sonda razılaşdı.
Həm Milli Birlik Komitəsi adlı xuntanın, həm də hökumətin başçısı olan Gürsel yeni konstitusiyanın qəbulundan sonra, 1961-ci il oktyabrın 26-da prezident seçildi. O, bu vəzifəni daşıdığı 4 ildən artıq müddət ərzində general pensiyası ilə keçinərək prezident maaşı almaqdan imtina etdi.
Gürsel hələ 1961-ci ildə insult keçirdiyindən səhhətində problem vardı. 1966-cı ilin fevralında növbəti insultdan sonra ABŞ prezidenti Lindon Consonun göndərdiyi təyyarə ilə Amerikaya aparıldı. Amma daha bir böhran üzündən Cemal ağa komaya düşdü. Onun sağalacağına ümid qalmadığından vətənə qaytarmaq qərara alındı.
Lindon Conson Gürselin martın 24-də uçacağı aviabazaya helikopterlə gələrək Türkiyə prezidentini şəxsən yola salmaqla ehtiramını bildirdi. Conson “Ümidlərimizin həyata keçməməsindən kədərlənirik. Prezident Gürselin müalicə üçün ölkəmizə gəlməsi böyük şərəf idi. Geri qayıdarkən dualarımız onu müşayiət edəcək”, – söylədi.
Ankarada Gülhanə hərbi hospitalının tibbi komissiyası Cemal Gürselin prezident səlahiyyətlərinin icrasının mümkünsüz olması barədə rəy verdi. 1966-cı il martın 28-də parlamentdə keçirilən seçkilərdə orgeneral Cevdet Sunay 461, Alparslan Türkeş isə 11 səs qazandı.
Türkiyə Cümhuriyyətinin dördüncü prezidenti Cemal Gürsel 1966-cı il sentyabrın 14-də vəfat etdi.
Yadigar Sadıqlı