image-reklam-veteninfo
image-2backend

Davosdakı görüşlər Azərbaycan iqtisadiyyatının beynəlxalq mövqeyini gücləndirir

image-reklam-veteninfo

Dünya İqtisadi Forumunun Davosda keçirilən illik toplantıları qlobal iqtisadi gündəmin müəyyənləşdirildiyi əsas beynəlxalq platformalardan biridir. Bu mötəbər tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər ölkəmizin iqtisadi potensialının və inkişaf strategiyasının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun 56-cı toplantısında keçirdiyi görüşləri Azərbaycanın sabit siyasi və makroiqtisadi mühitə malik etibarlı tərəfdaş kimi tanıdılmasına xidmət edir.
Dövlətimizin başçısı qlobal şirkətlərin rəhbərləri, aparıcı maliyyə institutlarının nümayəndələri ilə görüşlərdə ölkədə yaradılmış əlverişli investisiya mühiti, həyata keçirilən iqtisadi islahatlar və biznes üçün mövcud imkanlar barədə ətraflı məlumat verir. Bu amil birbaşa xarici investisiyaların cəlb olunmasına müsbət təsir göstərir. Davos platformasında enerji məsələləri xüsusi yer tutur. Prezident İlham Əliyevin görüşlərində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu diqqətə çatdırılır. Bununla yanaşı, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr və yaşıl enerjiyə keçid strategiyası beynəlxalq tərəfdaşların marağına səbəb olur. Bu istiqamətdə aparılan müzakirələr Azərbaycanın enerji siyasətinin uzunmüddətli və dayanıqlı xarakter daşıdığını nümayiş etdirir.
Forum çərçivəsində keçirilən görüşlər qeyri-neft sektorunun inkişafı baxımından da əhəmiyyətlidir. Nəqliyyat-logistika imkanları, xüsusilə Orta Dəhliz üzrə layihələr, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilir. Bu sahələr iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətinin artırılması baxımından prioritet istiqamətlər kimi təqdim olunur.
Yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Euronews” televiziya kanalının Avropa üzrə müxbiri Saşa Vakulinanın moderatorluğu ilə keçirilən “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan iştirak ediblər.
Panel iclasındakı çıxışında Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasındakı münasıbətlərin hazırki vəziyyətinə toxunaraq bildirib ki, keçən ilin avqustunda hər iki tərəf arasında sülh sazişi paraflandı. Bununla da 30 ildən artıq müddətdə baş verən qanlı qarşıdurmaya son qoyuldu ki, bu da tarixi nailiyyət hesab edilməlidir. Prezidentin bildirdiyi kimi: “Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı”.
“Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir” – deyə ölkə başçısı bildirib.
Prezident İlham Əliyev öz çıxışında vurğulayıb ki, çox çətin və ağrılı keçən 30 il ərzində ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik. Bu illər ərzində beynəlxalq təsisatların davranışı dəyişmədi və onlarla bağlı bütün ümidlər tam alt-üst oldu. BMT-nin Azərbaycanın işğal edilən ərazilərindən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə kağız üzərində qaldı. “Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq” – deyə cənab Prezident bildirib.
2025-ci ilin avqustunda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri birgə bəyannamə imzaladılar və sülh sazişi dünyanın bir nömrəli ofisində ABŞ Prezidenti Trampın iştirakı ilə paraflandı. Bu da öz növbəsində gələcəkdə regionda möhkəm sülhün bərqərar olmasına zəmindir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki