Dövlət İmtahan Mərkəzində (DİM) ali təhsil müəssisələrinin sərgisinin açılışı olub.
Vətəninfo.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov iştirakçıları salamlayaraq ali təhsil müəssisələrinə qəbul kampaniyası və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında duran ən vacib məsələ – ixtisas seçimi haqqında məlumat verib.
Daha sonra iştirakçıların və media nümayəndələrinin sualları cavablandırılıb və sərgiyə baxış keçirilib.
Qeyd olunub ki, sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, “Abituriyent” jurnalı redaksiyası və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alıb.
Sərgi iyulun 31-dən avqustun 2-dək Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunur.
Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.
Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanına malikdirlər.
Sərgidə abituriyentlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər. İştirakçılar qeydiyyat zamanı onlara uyğun tarix və saatı seçə bilərlər. Bundan əlavə, bəzi ali təhsil müəssisələri ayrıca olaraq əvvəlcədən təyin olunmuş zallarda və saatda daha geniş formada təqdimat nümayiş etdirmək imkanına malikdirlər.
Sərgiyə giriş ödənişsizdir.