image-dovlet-imtahan-merkezi-dimbackend

DİM ixtisas seçimi edən abituriyentlərə müraciət edib

image-reklam_sirab_01

Son günlər kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkələrdə ali təhsil müəssisələrinə ixtisas seçiminin həyata keçirilməsi ilə bağlı ödənişli avtomatik proqram təminatı vasitələrinin təqdimatı halları müşahidə olunur.

Vətəninfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib.

Vurğulanıb ki, həmin proqramların populyarlaşdırılması və abituriyentlərin daha çox diqqətinin cəlb edilməsi məqsədilə işləmə mexanizmlərində Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının müxtəlif nömrələrində dərc olunan məlumatlarından (keçid balları, ixtisaslar və s.) istifadə olunması qeyd olunur.

“İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə çatıdırırıq ki, Dövlət İmtahan Mərkəzi ixtisas seçimi ilə bağlı kommersiya fəaliyyəti göstərən heç bir şirkətlə əməkdaşlıq etmir və onların hər hansı bir məhsulunda təqdim olunan bu tip məlumatların etibarlılığına təminat vermir.

Burada həmçinin istifadəçilərin müəyyən fərdi məlumatları (topladığı bal, iş nömrəsi, telefon nömrəsi, ad, soyad və s.) toplanılır. Abituriyentlər və onların valideynləri diqqətli olmalıdırlar. Abituriyentlər DİM-in xidmətlərindən istifadə zamanı onlara təqdim olunan iş nömrəsi, həmçinin “Şəxsi kabinet”ə aid ola biləcək məlumatların məxfiliyinin qorunub saxlanılmasına birbaşa məsuliyyət daşıyırlar. Ona görə də abituriyentlər öz şəxsi məlumatlarının hər hansı bir platformada istifadəsi zamanı ayıq-sayıq olmalıdırlar.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri dərc olunub.

Siz, həmçinin hər hansı bir çətinliyiniz olduqda, Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ə müraciət edə bilərsiniz. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.

Bir daha abituriyentləri və onların valideynlərini diqqətli olmağı, yalnız Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatlarına, çağırış və tövsiyələrinə əməl etməyi məsləhət görürük” – məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki