Azərbaycan və Avropa Parlamenti arasındakı münasibətlər 2026-cı ilin may ayının 1-də kritik həddinə çatdı. Milli Məclisin Avropa Parlamenti ilə bütün əlaqələri dayandırmaq barədə qəbul etdiyi tarixi qərar, demək olar ki, illərdir yığılan siyasi gərginliyin və qarşılıqlı etimadsızlığın məntiqi nəticəsidir.
Avropa Parlamentinin aprelin 30-da qəbul etdiyi son qətnamə Azərbaycan tərəfindən “qəbulolunmaz” və “qərəzli” sənəd kimi qiymətləndirilməklə yanaşı,bu sənədin mahiyyətində dayanan məkirli niyyət Bakının səbr kasasını daşdıran son damla oldu. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanın daxili işlərinə, xüsusilə hüquqi müstəvidə görülən tədbirlərə birbaşa müdaxilə cəhdləri açıq-aydın yer alırdı.
Regionda sülh prosesinin getdiyi bir vaxtda, Avropa Parlamentinin revanşist qüvvələri stimullaşdıran və birtərəfli mövqe sərgiləyən ritorikası rəsmi Bakı tərəfindən siyasi təzyiq vasitəsi kimi dəyərləndirilməyə bilməzdi. Sənəddə yer alan bir sıra iddiaların reallığı əks etdirməməsi, Avropa Parlamentinin obyektivlikdən uzaqlaşdığının açıq bariz sübutu da hesab edilməlidir. Bu mənada Azərbaycan Respublikası Milli Məclisinin sərt cavabı başadüşüləndi.
Milli Məclis tərəfindən 1 may 2026-cı il tarixində qəbul edilən qərar sadəcə bir bəyanat deyil, həm də konkret addımlar paketidir və Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələr donduruldu. Azərbaycanın Avronest Parlament Assambleyasında üzvlüyünə xitam verilməsi üçün rəsmi prosedur başlanıldı və rəsmi Bakı mesaj verdi ki, dialoq yalnız bərabərhüquqlu və suverenliyə hörmət prinsipləri əsasında bərpa oluna bilər.Rəsmi Bakının nu addımı Azərbaycanın xarici siyasətində öz milli maraqlarını hər şeydən üstün tutduğunu bir daha təsdiqlədi. Avropa Parlamentinin “demokratiya” pərdəsi altında yürütdüyü qərəzli siyasət, Bakını Qərb institutu ilə olan körpüləri yandırmağa deyil, onları daha möhkəm və sağlam təməllər üzərində yenidən qurmaq üçün müvəqqəti söküb kənara qoymağa məcbur etdi.
İndi top Brüsselin meydanındadır: ya qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq, ya da tam diplomatik sükut.


























