image-img-20230221-wa0082backend

Dövlət başçısı İlham Əliyevin Münxendə tarixi çıxışı

image-reklam_sirab_01

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər. 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət başçısı cənab İlham Əliyevin keçirdiyi görüşlər, iştirak etdiyi plenar iclaslarda və həmçinin mətbuata müsahibəsində ona ünvanlanan suallara diplomatik məharətlə verdiyi cavablar, 30 illik işğal dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı.

Prezident İlham Əliyev bu dəfə də ölkəmizin mövqeyini qətiyyətli şəkildə müdafiə edib, milli maraqlardan irəli gələn fikirlərini səsləndirib. Bir daha bütün dünya Laçın-Xankəndi yolunda blokada olmadığını başa düşüb, Ermənistanla olan münasibətlərin normallaşdırılması üçün Azərbaycanın ədalətli mövqeyini eşidib.
Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycan xalqı müharibənin nə olduğunu bilir. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə Avrasiyada sülhün bərqərar olmasını istəyirik. Demək olar ki, 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub. Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur.
Ərazi bütövlüyünü və ədaləti bərpa etmək, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Torpağımızın işğalı, bir milyon azərbaycanlını evindən didərgin salması, 67 məsciddən 65-nin dağıtması və onları təhqir etməsi – bütün bunlar qonşularımız tərəfindən edilib.
2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Biz müharibə apardıq, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi.
44 günlük müharibə dövründə biz bir daha şahidi olduq ki, Azərbaycanda yeni nəsil yetişib. Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişib. Çünki biz tarixi torpaqlarımızı qaytarmaq istəyirdik .Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi.
Lakin müharibə dövründə biz mətbuatdan da izləyirdik ki, Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı. Bu ona görə baş verdi ki, onların apardığı müharibə işğalçı müharibə idi.
İclasda Laçın-Xankəndi yolundakı vəziyyət müzakirə edildi. Burada hər hansı bir blokadanın olmadığı diqqətə çatdırıldı . Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir. Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər.
Nəzarət-buraxılış məntəqələri olmadan sərhədlərin delimitasiyası mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır.
Dövlət başçısı İlham Əliyev həm plenar iclasda, həm də mətbuata müsahibələrində xüsusilə qeyd etdi ki, sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Həmin sənəddə Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var.
Dövlət başçısı İlham Əliyevin bu tarixi çıxışı bir daha sübut edir ki, Münxen Təhlükəsizlik Konfransı bütün istiqamətlərdə Azərbaycan üçün əhəmiyyətli olub.

Leyla Orucəliyeva
Suracanı rayonu, 232 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki