Azərbaycan gəncliyi bu gün təkcə cəmiyyətin sosial təbəqəsi deyil, dövlətin strateji inkişaf kursunun əsas dayaqlarından biridir. 2 Fevral – Azərbaycan Gəncləri Günü təsadüfi bir tarix deyil, müstəqil dövlətçilik tariximizdə gənclərə verilən dəyərin, etimadın və məsuliyyətin rəmzidir. Bu günün əsası Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə qoyulmuş və fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Həmin vaxtdan etibarən Azərbaycan MDB və Şərqi Avropa məkanında bu günü rəsmi şəkildə qeyd edən ilk ölkə kimi tarixə düşmüşdür ki, bu da ölkəmizin gənclər siyasətində nə qədər qabaqlayıcı mövqedə olduğunu aydın şəkildə göstərir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti müstəqil Azərbaycanın ideoloji, siyasi və sosial dayaqlarının formalaşdırılmasında mühüm rol oynamışdır. O, gənclərə yalnız bugünün potensialı kimi deyil, gələcəyin məsuliyyətini daşıyan əsas qüvvə kimi yanaşırdı. “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa malik olsunlar”, – deyə Ulu Öndərin vurğuladığı bu fikirlər onun gənclər siyasətinin fəlsəfi mahiyyətini tam ifadə edir. Məhz bu baxış nəticəsində gənclərin təhsili, sosial müdafiəsi, ictimai-siyasi proseslərdə iştirakı dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə gənclərə münasibətdə sistemli və məqsədyönlü siyasət formalaşdı. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildən etibarən Azərbaycan gənclərinin forumlarının keçirilməsi, gənclərin ictimai-siyasi həyatda fəallığının təşviqi bu siyasətin konkret nəticələri idi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər gənclər qarşısında tarixi vəzifə qoyaraq bildirmişdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir.” Bu çağırış sonrakı illərdə gənclərin fəaliyyətinin ideoloji əsasına çevrildi. Ulu Öndərin təşəbbüsü ilə istedadlı gənclərə dövlət qayğısı institusional xarakter aldı. “Gənc istedadların Qızıl kitabı”nın yaradılması, xüsusi təqaüdlərin təsis edilməsi, ali məktəblərə yüksək balla daxil olan gənclərlə şəxsən görüşlər keçirilməsi təhsilə və intellektual potensiala verilən dəyərin bariz nümunəsi idi. Xaricdə təhsil ənənəsinin bərpası və inkişaf etdirilməsi isə Azərbaycanın gələcək kadr potensialının formalaşmasına xidmət edən strateji addım oldu.
Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl və sistemli şəkildə davam etdirilir. Dövlət başçısı gənclərin hərtərəfli inkişafını, onların bilik, bacarıq və təşəbbüslərinin reallaşmasını ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas komponenti kimi müəyyən edib. Prezident İlham Əliyev gəncləri fəal və məsuliyyətli mövqe tutmağa çağırır. Bu yanaşma nəticəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, ölkə üzrə “Gənclər evi” şəbəkəsinin yaradılması, 2011-ci ildə Gənclər Fondunun təsis edilməsi gənclərin sosiallaşması, təşəbbüskarlığı və yaradıcılığının dəstəklənməsi baxımından mühüm mərhələ oldu. “Gənclər üçün Prezident Mükafatı”, “Yüksəliş” müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti gənc kadrların irəli çəkilməsinə, peşəkar idarəçilik potensialının formalaşmasına xidmət edir.
Azərbaycan gəncliyi yalnız sosial və iqtisadi sahələrdə deyil, ölkənin taleyüklü anlarında da öz sözünü deyib. Vətən müharibəsində rəşadət göstərən gənclərimiz müasir Azərbaycan tarixini yazaraq dövlət müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsində həlledici rol oynadılar. Bu gənclər Ulu Öndərin vətənpərvərlik ideologiyasının real nəticəsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış güclü dövlət-gənclik münasibətlərinin təcəssümüdür. Eyni zamanda informasiya müharibəsində də gənclərin fəallığı Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı. İdman sahəsində əldə olunan nailiyyətlər də gənclər siyasətinin uğurlu nəticələrindəndir. Azərbaycan bu gün beynəlxalq idman tədbirlərinə ev sahibliyi edən, minlərlə medal qazanan idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründə yaradılan infrastruktur, regionlarda inşa edilən Olimpiya İdman Kompleksləri gənclərin sağlam inkişafına xidmət edir. Dördüncü Sənaye İnqilabı dövründə Azərbaycan gəncliyi innovasiya, süni intellekt, robototexnika və rəqəmsal bacarıqlar sahəsində fəal iştirak edir. Dövlət proqramları, beynəlxalq layihələr və xaricdə təhsil imkanları gənclərin qlobal rəqabət mühitində uğur qazanmasına şərait yaradır. Bu gün minlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil alaraq ölkənin gələcək intellektual kapitalını formalaşdırır.
Bütün bu faktlar göstərir ki, Azərbaycan gəncliyi üçün yaradılan imkanlar ardıcıl, məqsədyönlü və uzunmüddətli strategiyaya əsaslanır. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın genofondu gənclərdir” fikri bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə real məzmunla dolur. 2 Fevral – Azərbaycan Gəncləri Günü isə bu siyasətin ideoloji yekunu, gənclərə olan inamın və etimadın rəsmi təntənəsidir.
Samirə Hüseynova


























