image-xudaferinbackend

“Döyüş təbilləri çalmaq millətə qarşı zülm və xəyanətdir” -Nasir Nasiri

image-reklam_sirab_01

Ərdəbil axundu Seyid Həsən Ameli ötən həftənin cümə namazı xütbəsini yenə Azərbaycana, daha doğrusu, Azərbaycan-Ermənistan münasibətlərinə həsr edib. Xütbəsini Azərbaycan Respublikası vətəndaşlarına müraciət şəklində quran Ameli iddia edib ki, İran heç bir şəkildə Ermənistanı dəstəkləmir və bu haqda deyilənlər də yalandır. İran bütün beynəlxalq forumlarda Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib və Azərbaycana səs verib.

Çıxışın davamı Arazdan cənubdakı inzibati ərazinin ifrat azərbaycanofob nəşrlərində rast gəldiyimiz yalan tezislərin və Ermənistan baş naziri Nikol Paşinyanın son günlər çıxışlarında etdiyi ittihamların təkrarıdır. Yeri gəlmişkən, bir zamanlar “yaxşı polis-pis polis” oyunu oynanar, Tehran KİV-lərinin böhtanları həddini keçəndə Ameli ortaya düşüb “doğma Azərbaycan xalqının heysiyyətinı toxunmaq olmaz” kimi açıqlamalar verərdi. II Qarabağ savaşından sonra “yaxşı polis”, “yaxşı oğlan” rolu unudulub daha.

Ameili deyib ki, Zəngəzur dəhlizinin açılması İranın Avropaya yolunu kəsməkdir və İranın bu məsələyə həssaslığının Ermənistanla heç bir əlaqəsi yoxdur: “İranın qırmızı xətti beynəlxalq sərhədlərin toxunulmazlığıdır”. Amma Azərbaycanın ərazi bütövlüyü 30 il ərzində pozulanda bölgədə sərhədlərin dəyişilməzliyi qırmızı xəttinin niyə yada düşmədiyinə, 50 ildən çoxdur BƏƏ-nin ərazi bütövlüyünün Tehran tərəfindən niyə pozulduğuna, beynəlxalq ictimaiyyətin, o cümlədən indiki himayədarları Çinin çağırışlarına rəğmən işğalı davam etməkdə israrlı olmalarının səbəblərinə toxunmayıb.

Paşinyanın narrativinə keçid edən Ameli 1991-ci il də MDB-nin Almatı deklarasiyasında üzv dövlətlərin ərazi bütövlüyünün tanınması haqda müddəaları xatırladır, sazişin Azərbaycan parlamenti tərəfindən də ratifikasiya olunduğunu qeyd edir. Hərçənd Tehran dövlətinin da üzv olduğu mühüm bir sıra beynəlxalq və regional təşkilatlar, o cümlədən İƏT Ermənistanın təcavüzünü qınayan, təcavüzkarla iqtisadi əməkdaşlığı pisləyən onlarla sənəd qəbul edib, İran o sənədlərə səs də verib, amma onların icrası elə iclas zalındaca unudulub. Əksinə, İran nəinki iqtisadi əməkdaşlığı, indi artıq açıq etiraf etdikləri kimi, hərbi əməkdaşlığı daim inkişaf etdirib, hər cür silah-sursat, texniki dəstək verib.

Bundan sonra Ameli azərbayconofob ekspertlərin, SEPAH-ın klipçəkənlərinin üslubuna keçib. “Əgər sərhədlərin əsası kimi tarixi qeydlər götürülsə, o zaman dünyada bütün status kvo çökəcək və buna uyğun olaraq İranın bir çox qonşu dövlətləri, o cümlədən Azərbaycan bizə birləşməlidir”.

Sonda yenidən Azərbaycandakı nüfuz agentlərinə, “ziyalılara” müraciət edib: “Xahiş edirik ki, diqqətli olsunlar, əgər Allah eləməsin, sərhədlər pozulsa, bir hadisə baş versə, bilsinlər ki, bu, İranın Ermənistana dəstək verməsi deyil, İranın öz hüququnun qorunmasıdır”. Son günlər Tehran dövlətinin bütün addımlarına haqq qazandıran geniş şəbəkənin fəallaşması göstərir ki, bu müraciətlər effektsiz deyil.

Xütbədən bir gün sonra “İran Diplomacy” nəşri, Ərdəbil vilayətindən olan digər tanınmış cənubi azərbaycanlı siyasi fəal, İran parlamentinin sabiq deputatı Nasir Nasirinin yazısını dərc edib. “Döyüş təbilləri çalmaq millətə qarşı zülm və xəyanətdir” başlıqlı məqalədə Nasiri etiraf edir ki, sosial şəbəkələrdə Azərbaycan Respublikasına qarşı radikal təbliğat var: “Azərbaycanın şiə xalqı, xalq arasında populyar olan İlham Əliyev və xanımı Mehriban Əliyeva təhqir edildiyi üçün İran azərbaycanlıları qəzəblidir”. O qeyd edir ki, bu hücumlar Zəngəzur dəhlizi bəhanəsi ilə edilsə də, Zəngəzur layihəsi ciddi maneələr olmadan həyata keçirilir.

image-xudaferin

“Araz çayının hər iki sahilindəki insanların mədəni və etnik bağları ayrılmazdır. İran azərbaycanlıları Qarabağın azadlığına sevinirlər. Görkəmli siyasətçi, mərhum Heydər Əliyevin oğlu İlham Əliyev 17 illik səbri, hazırlığı, düzgün idarəçiliyi və balanslaşdırılmış siyasət yeritməsi ilə Azərbaycanı inkişaf etdirməklə yanaşı, hərbi qüdrətini də müasirləşdirdi. Ermənistanın şiələrə qarşı cinayət və qırğınlarla müşayiət olunan işğalı altında qalan Qarabağın böyük hissəsini atasının vəsiyyətinə uyğun olaraq 44 günlük müharibədə azad etdi. Rusiyanın vasitəçiliyi ilə hər iki hökumət razılaşdı ki, Azərbaycan Qarabağında yaşayan ermənilər Laçın dəhlizi ilə Ermənistanla bağlana bilər, Naxçıvanın Azərbaycanla əlaqəsi isə (Stalin dövrünə qədər Azərbaycana məxsus olan) Zəngəzur dəhlizi vasitəsilə qurulmalıdır”.

Sabiq deputat qeyd edir ki, İranda İlham Əliyevin fəaliyyət bəyənilsə də, bəyənilməsə də, onun müsbət işlərini, böyük uğurunu və xalqı arasında populyarlığını inkar etmək mümkün deyil :“Bəzi ekspertlər bu qənaətdədirlər ki, Zəngəzur dəhlizi məsələsində İran öz maraqlarına təhdid və güc yolu ilə deyil, danışıqlar yolu ilə nail olmalıdır. Avropa ilə Asiya arasında birləşdirici amil kimi bu layihəni qurmaq üçün dünya dövlətilərinin təqdiri, Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh və ünsiyyətə ehtiyacı var, Paşinyan sülhün imzalanacağını vurğulayır, ona görə də İran bu dəhlizin qarşısını ala bilməz. Ermənistan İranla 41 km-lik sərhədini bağlamağa məcbur ola bilər və biz daha çox təcrid olunmuş olacağıq. Amma Türkiyənin regional birlik təklifi çərçivəsində İran da daxil olmaqla bütün region ölkələri sülh və dostluq layihəsi və iqtisadi açar kimi Zəngəzur dəhlizini özləri üçün böyük bir fürsətə çevirə bilər”.

O əlavə edir ki, İran qazanc axtarırsa, rasional və ehtiyatlı davranmalıdır: “Azərbaycandakı və Türkiyədəki səfirlərimizin türkcə bilməyəcəyi qədər 40 milyona yaxın azərini dar düşüncə ilə ölkənin siyasi sferasından kənarlaşdıranlar, qardaşlıq sərhədlərini təhlükəyə çevirənlər, kaş ki, Azərbaycana qarşı mövqeyimiz həmişə İranla dost olmağa çalışan cənab Əliyevin movqeyi kimi olaydı.”

image-urmu

Sabiq deputat xatırladır ki, Azərbaycan prezidenti Xudafərin körpüsü ilə bağlı “Bu körpü dostluq, qardaşlıq körpüsüdür” deyir, amma silahla çəkilmiş şəklini yayımladılar, amma o, nadinc zarafatlara boyun əymədi. “Çoxsaylı yersiz hərəkətlər və hətta bu yaxınlarda səfirliyə qarşı edilən çirkin hücum, hücumçuya bəraət qazandırma təşəbbüsləri belə prezidenti dostluq əleyhinə danışmağa vadar edə bilmədi. Fəqət bütün axmaqlıqların və ya xəyanətlərin əvəzini xalq ödəyir. Bu gün Astara, Biləsuvar və Araz azad zonasının vəziyyəti acınacaqlıdır, Azərbaycanın həyata keçirdiyi Rəşt-Ənzəli-Astara dəmir yolu layihəsi bağlanıb, Ərdəbil azad zonası və Aslandüz limanı haqda danışmaqsa mənasızdır”.

Sabiq deputat Ermənistanın yüzlərlə şiə kəndini, məscidləri dağıtmasını, əhalini qırmasını xatırladır, Azərbaycanın şəhərlərindən biri olan İrəvandakı məscidin müsəlmanlarsız qaldığını, bu məsələlərə İrandan heç bir reaksiya verilmədiyini deyir.

Nasiri sual edir: “Azərbaycan və 100 milyona yaxın əhalisi olan Türkiyə ilə 1200 kilometr qardaş sərhədlərini niyə 3 milyon əhalisi olan Ermənistanla 41 kilometrlik sərhədə qurban veririk?! Milli maraqlar axtarırsınız?! Bu balaca sərhəddə nə işiniz var ki? 1200 km qardaşlıq sərhədlərini itirsək, bu 41 km-i itirəcəyimizə əmin olun”.

Ameilinin xütbəsində, son günlər digər rəsmilərin çıxışlarında, xüsusən sosial mediada aparılan təbliğatda, yuxarıda nəzərdən keçirdiyimiz kimi, Ermənistanın narrativləri, Paşinyanın ritorikasından istifadə olunursa, Nasirinin yazısı Azərbaycanın arqumentlərinə əsaslanır. Belə demək mümkünsə, bizim narrativdir. Yazı “İran Diplomacy”-yə istinadən əlavə KİV-lərdə də yerləşdirilib, amma qısa müddət sonra əksəriyyətindən silinib, yalnız bir daycest portalda və iranlı mühacirlərə aid KİV-lərdə qalıb. Ola bilər ki, yazının elə əvvəlcədən də silinməsi nəzərdə tutulub, lakin bundan əvvəl kütləvi tirajlanması təşkil edilib .

image-tebriz

Və beləliklə, Azərbaycan tərəfinə xoş mesaj verilir ki, onsuz da baş tutacaq Zəngəzur dəhlizindən kənarda qoyulmamaq zəmanəti olarsa, Azərbaycanla gərginlik tərəfdarları neytrallaşdırılacaq. Hərçənd ortaya çıxan mətn bu deputatın da mənsub olduğu, “hazırda türk respublikalarında səfir postlarından” belə məhrum edilmiş Ərdəbil klanının narazılığının ifadəsi də ola bilər. Bir Azərbaycan atalar sözündə deyildiyi kimi: “Ərdəbil bir şəhərdir ki, hər kəs öz vəkilidir”. Ameilinin öz maraq və öhdəlikləri var, oyundan kənarda qalanların öz maraqları.

Cəmaləddin Quliyev

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki